Loading...
Gürcüstan Prezidenti və baş naziri Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayır

Gürcüstan Prezidenti və baş naziri Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayır

23-05-2019

“Uzun illərdir dayandırılan sərhədlərin delimitasiyası məsələsinin yenilənməsini alqışlayıram”. 

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, məsələnin tez bir zamanda həllinin tərəfdarıdır.

“Azərbaycana səfərim zamanı Prezident İlham Əliyevlə bu barədə razılıq əldə etdim. Əminəm ki, uzunmüddətli mehriban qonşuluq və strateji tərəfdaşlığımız tərəflərin sürətli nəticə əldə etməsinə yardım edəcək”, - deyə Salome Zurabişvili bildirib.

“Əminəm ki, bütün bu məsələlər strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri çərçivəsində həllini tapacaq”. 

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu isə Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. O bildirib ki, məsələnin həllində əsas iş  komissiyanın üzərinə düşür. 

“Komissiyanın görüşü növbəti iki gündə Bakıda keçiriləcək. Bildiyiniz kimi, biz komissiyanın fəaliyyətinin bərpasına qərar verdik. Amma bu, çox çətin işdir. Mən əminəm ki, məsələ iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban münasibətlər ruhunda öz həllini tapacaq”, - deyə baş nazir bildirib.