Loading...
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır

Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır

19-06-2019

İyunun 11-də BMT Təhlükəsizlik Şurası bu qurumun tarixində ilk dəfə olaraq silahlı münaqişələrin gedişində itkin düşənlər haqqında qətnamə qəbul edib. Silahlı münaqişələrlə əlaqədar itkin düşmüş insanların qohumları illərlə, onilliklər boyu bu qeyri-müəyyənlikdən əzab çəkir. Onlar yaxınlarının taleyindən hər vasitə ilə xəbər tutmağa çalışır, lakin çox vaxt bu səylər nəticəsiz qalır. Bu baxımdan, Azərbaycan da istisna deyil, çünki Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzündən 30 il keçdiyinə baxmayaraq, Azərbaycanın minlərlə vətəndaşı hələ də itkin düşmüş hesab edilir.

AZƏRTAC xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bu il iyunun 11-də qəbul edilmiş 2474 (2019) saylı qətnaməsi silahlı münaqişələrin bütün tərəflərini onların beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə uyğun olaraq bu praktikaya son qoymağa çağırır. Təhlükəsizlik Şurası tərəfləri silahlı münaqişədə insanların itməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməyə, itkin düşənlər arasında uşaqların da olduğu hallara xüsusi diqqət yetirməyə, azadlıqdan məhrum edilmiş şəxslərin, o cümlədən hərbi əsirlərin fərdi məlumatlarını qeydiyyata almağa və bu məlumatları bildirməyə çağırır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi hələ 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında çıxışlar çərçivəsində əsas müəllif kimi, Baş Assambleyanın A/RES/57/207 saylı qətnaməsini irəli sürmüşdü. Bu sənəddə silahlı münaqişələrin gedişində itkin düşmüş şəxslər probleminə xüsusi diqqət yetirilməsi tələb olunurdu. Son 17 ildə Azərbaycanın daimi nümayəndəliyi BMT-yə üzv dövlətlərə bu problemin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini mütəmadi olaraq xatırladıb.

BMT Təhlükəsizlik Şurasının 2019-cu ilin iyununda keçirilmiş “Silahlı münaqişədə mülki şəxslərin müdafiəsi: silahlı münaqişə şəraitində itkin düşmüş şəxslər” mövzusunda brifinqdə son müzakirələr ərəfəsində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə itkin düşmüş şəxslər barəsində Azərbaycanın mövqeyini, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də davam edən silahlı işğalının təfsilatını, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində ölkəmizin itkin düşmüş vətəndaşları haqqında statistik məlumatları əks etdirən məktub göndərib.

Y.Əliyev öz müraciətində qeyd edib ki, Təhlükəsizlik Şurası silahlı münaqişədə mülki əhalinin müdafiəsi məsələlərinə daim ciddi diqqət yetirməli, silahlı münaqişələrin bütün tərəflərindən onların beynəlxalq hüquq üzrə öhdəliklərini tam yerinə yetirmələrini sistematik olaraq tələb etməlidir. Silahlı münaqişələrlə əlaqədar itkin düşmüş hesab edilən mülki şəxslər barədə məsələ təcili tədbirlər görülməsini tələb edən təxirəsalınmaz məsələlər sırasına aiddir.

Y.Əliyev vurğulayıb ki, Baş katibin silahlı münaqişədə mülki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edildiyi kimi, “münaqişə tərəfləri beynəlxalq humanitar hüququn itkin düşmüş şəxslərə aid müddəalarına riayət etməyə və onlara riayət olunmasını təmin etməyə: insanların zorakılıqla yoxa çıxmasının qarşısını almağa, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün mümkün tədbirləri görməyə və onların ailələrinin bu şəxslərin taleyi və olduğu yer barədə informasiya almaq hüququna riayət etməyə borcludurlar” (S/2019/373, bənd 45).

Azərbaycan əvvəlki kimi bu problem barədə beynəlxalq səviyyədə məlumatlılığın artırılması və bununla əlaqədar normativ rəhbər sənədlər hazırlanması, o cümlədən itkin düşmüş şəxslər məsələsinə dair Baş Assambleyanın iki ildə bir dəfə qəbul edilən, əsas müəlliflərindən biri Azərbaycan olan sənədlərin hazırlanması üçün ardıcıl səy göstərir. Azərbaycanlı diplomat bildirib ki, Azərbaycanın bu səyləri onun beynəlxalq hüquq normalarına vicdanla riayət edilməsinə, bizim regionda və bütün dünyada davamlı sülhə nail olmağa töhfə verməkdə böyük marağı olmasının, habelə təcavüzün, xarici hərbi işğalın və etnik təmizləmələrin nəticələrinin aradan qaldırılması sahəsində bizim praktiki təcrübəmizin nəticəsidir.

Y.Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzündən söhbət açaraq qeyd edib ki, Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu, ona bitişik yeddi rayon və bir neçə eksklav işğal edilib. Bu müharibə mənim ölkəmdə on minlərlə insanın ölümünə, şəhərlərin və dolanışıq vasitələri mənbəyinin məhv edilməsinə, bir milyondan çox azərbaycanlının məcburi şəkildə köçürülməsinə və əmlakdan məhrum edilməsinə gətirib çıxarıb. Bu təcavüzün gedişində erməni silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulması hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımı aktlarına bərabər tutula bilər.

Azərbaycanın daimi nümayəndəsi daha sonra bildirib ki, 2019-cu il mayın 1-nə olan vəziyyətə görə, 3888 Azərbaycan vətəndaşı, o cümlədən 3170 hərbi qulluqçu və 718 mülki şəxs bu münaqişə ilə əlaqədar itkin düşmüşlər siyahısındadır. Bu mülki şəxslər arasında 71 uşaq, 266 qadın və 326 ahıl insan var. Əldə olan məlumata görə, itkin düşmüş 3888 şəxs arasında 871 hərbi əsir və girov, o cümlədən 604 hərbi qulluqçu və 267 mülki şəxs var, onlardan 29-u uşaq, 98-i qadın və 112 nəfəri ahıl şəxslərdir.

Məktubda daha sonra qeyd edilir ki, 1993-cü ildə Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təsis edilib. İtkin düşmüş şəxslərin və girovların axtarışı ilə bilavasitə məşğul olan bu Komissiya mütəmadi olaraq müvafiq informasiyanı toplayır və təhlil edir, itkin düşmüş şəxslər barəsində geniş əhatəli məlumat bazası yaradılıb. Bundan əlavə, Komissiya müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əlaqə yaradıb.

Azərbaycanlı diplomat BMT rəhbərliyini təxirəsalınmaz tədbirlər görməyə çağıraraq qeyd edib ki, xüsusən münaqişənin gedişində erməni silahlı qüvvələri tərəfindən müharibə aparmağın amansız qaydalarının geniş tətbiq edilməsini nəzərə alsaq, itkin düşmüş sayılan şəxslər onların salamatlığı barədə ciddi narahatlıq doğuran şəraitdə yoxa çıxıblar; itkin düşmüş Azərbaycan vətəndaşlarının dəqiq siyahısı BQXK vasitəsilə Ermənistana təqdim edilib və müntəzəm olaraq yenilənir; Ermənistan onun nəzarətində olan itkin düşmüş şəxslər məsələsinə dair izahat verməkdən imtina etməklə, habelə azı 871 nəfərin saxlanılması və o vaxtdan bu insanları heç kəsin görmədiyi barədə mövcud sübutlarla əlaqədar, itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq məqsədilə operativ və səmərəli təhqiqat aparmaqdan imtina etməklə beynəlxalq hüquq normalarını pozur; Ermənistan beynəlxalq hüquq normalarını həm də bununla pozur ki, bu məsələdə obstruksionist mövqe tutaraq, itkin düşmüş şəxslərin qohumlarına əlavə iztirab verir; Ermənistanın beynəlxalq məsuliyyəti hüquqi nəticələr, o cümlədən lazımi kompensasiya ödəmək öhdəliyi doğurur, münaqişə ilə əlaqədar itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarına münasibətdə yol verilən pozuntularda təqsirkar şəxslər isə milli və beynəlxalq səviyyələrdə cinayət cəzasına və digər sanksiyalara məruz qalmalıdırlar.

Y.Əliyev, həmçinin vurğulayıb ki, bütün dövlətlər bir-biri ilə əməkdaşlıq etməli, beynəlxalq hüququn bu cür pozuntularına və onları törədənlərin cəzasızlığına son qoymaq üçün zəruri səy göstərməlidirlər.

Y.Əliyev sonda bu məktubun Baş Assambleyanın gündəliyinin 35, 41 və 74-cü bəndləri üzrə sənəd və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib.