Loading...
Donald Tusk: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Donald Tusk: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

09-07-2019

“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

ONA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir”.

D. Tusk bildirib ki, Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır: “Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir. Biz ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin, eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır”.

ona.az