Loading...
“Qarabağ Azərbaycandır və nida işarəsi” gənclərin beynəlxalq kampaniyasına start verilib

“Qarabağ Azərbaycandır və nida işarəsi” gənclərin beynəlxalq kampaniyasına start verilib

05-10-2019

Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi “Qarabağ Azərbaycandır və nida işarəsi” gənclərin beynəlxalq kampaniyasına start verib.

AZƏRTAC xəbər verir ki, son vaxtlar Ermənistanın baş naziri də daxil olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını “status-kvonu saxlamağa” yönəlmiş “qeyri-konstruktiv” addım kimi qiymətləndirib.

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri açıq-aşkar tapdayır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan quruma qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirir.

Ermənistanın baş naziri avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənistandır və nöqtə” açıqlaması və Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsini” nəzərdə tutan “miatsum” deməsi bu ölkənin əsl məqsədinin işğalçılıq olmasının növbəti açıq ifşasıdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının əsassız olduğunu vurğulayaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyib.

Prezidentin çıxışına dəstək olaraq, Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” gənclərin beynəlxalq kampaniyasına start verir. Kampaniyanın məqsədi Ermənistan rəsmilərinin yalan və əsassız bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.

Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qəbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edilərək BMT-nin rəsmi dillərində tvitlər, postlar formasında paylaşılacaq.

azrtag.az