Loading...
Tovuzun Ermənistan ilə sərhədboyu kəndlərinin sakinləri: Doğma torpaqlarımızdan bir addım da olsun geri çəkilməyəcəyik

Tovuzun Ermənistan ilə sərhədboyu kəndlərinin sakinləri: Doğma torpaqlarımızdan bir addım da olsun geri çəkilməyəcəyik

14-07-2020

yulun 12-də və 13-də Ermənistan silahlı qüvvələri bölmələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq təxribatlar törədib, rayonun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan ağır artilleriya atəşinə tutublar. Lakin rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri ilə düşmən ağır tələfat verərək geri oturdulub. İyulun 13-ü günün ikinci yarısında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi və gördüyü sərt cəza tədbirləri nəticəsində düşmənin bir neçə hərbi obyekti, texnikası və 20 nəfərdən çox şəxsi heyəti məhv edilib.

AZƏRTAC-ın əməliyyat bölgəsində olan müxbiri xəbər verir ki, düşmənin ötən gündən etibarən iriçaplı minaatanlardan və toplardan aramsız atəşinə baxmayaraq, Tovuz rayonunun Ermənistan ilə sərhədboyu yaşayış məntəqələrinin, o cümlədən Ağdam və Dondar Quşçu kəndlərinin sakinləri rəşadətli ordumuza güvənərək doğma yurdlarını tərk etməyiblər. Bölmələrimizin düşmənə sarsıdıcı zərbələrindən sonra həmin kəndlərdə vəziyyət hazırda sabitləşməyə başlayıb.

Sakinlər müxbirimizlə söhbətlərində ordumuza güvəndiklərini və buna görə də doğma kəndlərini tərk etməyəcəklərini bildiriblər.

Ağdam kənd sakini Elxan Əliyev deyib ki, Ermənistan hərbi birləşmələri bu istiqamətdə atəşkəs rejimini tez-tez pozurlar. Xain düşmənin belə təxribatları nəticəsində kənddəki evlərə, təsərrüfat obyektlərinə ciddi ziyan dəyir. Biz ermənilərin dinc sakinləri hədəfə alan belə çirkin təxribatlarını qəti şəkildə pisləyirik. Bu təxribatlara baxmayaraq, Azərbaycan Ordusunun hərbi qüdrətinə inanan kənd sakinləri yüksək əhval-ruhiyyədədirlər.

Aprel döyüşlərindən və Günnüt əməliyyatından sonra Ermənistan ilə sərhədboyu kəndlərin sakinlərinin ordumuzun gücünə daha da çox inandıqlarını qeyd edən Rasim Məmmədov diqqətə çatdırıb ki, iyulun 12-də və 13-də düşmən təxribatlarının qarşısını qətiyyətlə alaraq ona sarsıdıcı zərbə endirən ordumuz bu inamı daha da qətiləşdirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni hərbi bölmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı qəti əmrindən sonra artıq düşmənə layiqli dərs verildi. Biz ordumuza və Ali Baş Komandanımıza güvənərək doğma kəndimizdə yaşayır, təsərrüfatımızla məşğul oluruq. Hamımız inanırıq ki, işğal altında olan torpaqlarımız gec-tez azad ediləcəkdir. Biz bir addım da geri çəkilməyəcəyik. Hər birimiz silaha sarılıb Ali Baş Komandanımızın əmri ilə düşmənə qarşı vuruşmağa hazırıq.

Ermənilərin iyulun 12-də kəndi atəşə tutmağa başladıqlarını deyən Nəbi Hüseynov bildirib ki, ordumuz düşmənə layiqli cavab verdi. Ermənilər elə bilirlər ki, biz top-tüfəngdən qorxub buraları tərk edəcəyik. Amma düşmənin bu niyyəti baş tutmayacaq, ürəyində qalacaq. Biz öz torpağımızdayıq. Düşmənin təxribatı kənd sakinlərinin psixoloji durumuna heç bir mənfi təsir göstərməyib. Biz Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə güvənib doğma torpağımızda yaşayırıq və yaşayacağıq.

Kənd sakinləri ilə bir yerdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Azərbaycan Ordusu düşmənə ən yüksək səviyyədə cavab verib və zərbələr vurmaqda davam edir. Bir qarış da olsa ərazimizi ələ keçirə bilməyən düşmən ağır itki verərək geri oturdulub. Ermənilər öz itkilərini nə qədər gizlətsələr də, bu barədə məlumatlar artıq üzə çıxmaqdadır. Düşmənin təxribatlarının qarşısını alan hərbçilərimiz yüksək peşəkarlıq və qəhrəmanlıq göstərirlər.

Kəndin digər sakinləri də müxbirimizlə söhbətlərində mənfur Ermənistan ordusunun bölmələrinin törətdikləri təxribatlardan qorxmadıqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan Ordusu düşmənin cavabını hər zaman lazımınca verir.

Mənfur qonşularımızın dinc əhalini mütəmadi atəşə tutmasına baxmayaraq, Tovuz rayonunun Ermənistan ilə sərhədboyu kəndlərinə, o cümlədən Ağdam, Dondar Quşçu və digər yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Sakinlərlə söhbətlərdə bir daha əmin olduq ki, düşmən belə çirkin təxribatlarla heç vaxt öz məkrli niyyətinə çata bilməyəcək.