Loading...
İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verdi

İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verdi

15-07-2020

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.

Virtualaz.org bildirir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

***14:10

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 14-də müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ilə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.

virtualaz.org