Loading...
Ermənistan təcili olaraq “Metsamor” AES-in ətrafına havadan müdafiə sistemləri yığır

Ermənistan təcili olaraq “Metsamor” AES-in ətrafına havadan müdafiə sistemləri yığır

17-07-2020

Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığının ardınca Ermənistan təcili qaydada “Metsamor” AES-in ətrafına hava hücumundan müdafiə sistemləri yerləşdirir.

Virtualaz.org xəbər verir ki, bu haqda avia.pro portalı bildirir.

Xəbərdə xatırladılır ki, Azərbaycan “Metsamor” AES-ə dəqiq raket zərbələri endirə biləcəyi haqda rəsmən xəbərdarlıq edib. Qeyd edək ki, bundan əvvəl istefada olan erməni generallarının və siyasətçilərinin Azərbaycanın Mingəçevir su anbarına Ermənistan ordusunun raket zərbəsi endirə biləcəyinə dair açıqlamalarına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı belə xəbərdarlıqla çıxış edib.

“Erməni tərəfi yaddan çıxarmalı deyil ki, ordumuzun sərəncamında olan ən yeni raket sistemləri Metsamor AES-ə yüksək dəqiqlikli zərbə endirməyə imkan verir, bu isə bütün Ermənistan üçün böyük fəlakət olardı”,-Dərgahlı Ermənistandan səslənən avantürist bəyanatlara cavab olaraq deyib.

Bu bəyanat xarici mediada çox geniş rezonansa səbəb olub, eləcə də Ermənistanda ciddi təşviş yaradıb.

Avia.pro qeyd edir ki, mütəxəssislər Azərbaycanın belə zərbələr endirmək üçün həqiqətən imkanlara malik olduğuna diqqəti cəlb edirlər. Eyni zamanda AES-in vurulmasının bütün region üçün dəhşətli nəticələr doğuracağını da vurğulayırlar.

Virtualaz.org