Loading...
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər

ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər

09-11-2018

Noyabrın 9-da müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Qərargah rəisi yeni vəzifəyə təyin olunması münasibətilə general S.Lyonsu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi və cəbhə xəttindəki hazırkı vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini vurğulayan N.Sadıkov bildirib ki, ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan tərəfini təbrik edən ABŞ generalı yeni vəzifədə ilk rəsmi xarici səfərini məhz ölkəmizə etməsindən məmnun olduğunu söyləyib. Qonaq ölkəmizin Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfəni yüksək qiymətləndirərək bu sahədə fəal əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan sülhməramlılarının xidmətini nümunəvi adlandıran general S.Lyons Əfqanıstanda həyata keçirilən missiyada hərbi qulluqçularımızın iştirakını Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi kimi qiymətləndirib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.