Loading...
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir

Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir

17-11-2018

ransa Milli Assambleyasının xarici məsələlər komissiyasının üzvü Sent-Etiyen şəhərinin merinə etiraz məktubu göndərib

Fransa Milli Assambleyasının xarici məsələlər komissiyasının üzvü, Fransa-Azərbaycan dostluq qrupunun katibi, deputat Jan-Lük Retser “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin məktubu əsasında Azərbaycanın işğal altındakı Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanatın imzalanmasına dair bu şəhərin meri Qael Perdrioya etiraz məktubu göndərib.

İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov AZƏRTAC-a bildirib ki, məktubda adıçəkilən səfərin 2015-ci il iyulun 2-də Fransa hökuməti tərəfindən Xarici İşlər və Daxili İşlər nazirlikləri səviyyəsində imzalanan təmimi təlimata zidd olduğu göstərilir. Təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir, mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur.

Məktubda, eyni zamanda, qeyd edilir ki, Fransanın Seynt-Etiyen şəhərinin meri Qael Perdrio bu qanunsuz səfərlə və imzalanmış dostluq haqqında bəyanatla Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan ərazilərinin işğalını dəstəkləyir, Fransa hökumətinin 2015-ci il 2 iyul tarixli təmimi təlimatını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Eyni zamanda, 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhərinin işğal olunduğu, işğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı, 195 dinc sakinin həlak olduğu, 165 nəfərin yaralandığı, 58 nəfərin itkin düşdüyü, 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığı vurğulanır.

Jan-Lük Retser məktubunda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidənin dağıdıldığını, məbədgah və məscidlərin təhqir və vandalizmə məruz qaldığını yazır. O, bunların içərisində Pənah xanın sarayı və kitabxanasını, Xan sarayını və Karvansarayı, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natəvanın evi və digər abidələri qeyd edir. Bundan əlavə, Jan-Lük Retser xatırladır ki, iki ölkə arasında münaqişənin həllinin fundamental əsaslarını 1993-cü ildə qəbul edilmiş, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT qətnamələri təşkil edir.

Məktubda o da vurğulanır ki, regionda uzunmüddətli sülhün və ədalətin bərqərar olması üçün Fransanın və mövcud vəziyyətdə yerli özünüidarəetmə qurumlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir.