Loading...
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib

Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib

21-11-2018

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İzmir şəhərində keçirilən “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda konfransın sədrlik etdiyi panel iclasında söyləyib.

Konfransında rəsmi açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver çıxış ediblər.

Türkdilli xalqların ortaq tarixi köklərinin, mədəniyyətinin, mirasının, dil birliyinin müasir dövrdə daha əzmlə qorunduğunu diqqətə çatdıran Günay Əfəndiyeva bu məsələdə TÜRKPA-nın üzərinə düşən tarixi missiyadan bəhs edib. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektivdə olan layihələr barədə geniş məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə toxunan Fondun prezidenti işğal altında saxlanılan Azərbaycan torpaqlarında mədəni irsin tamamilə məhv edildiyini vurğulayıb.

Bu paneldə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini, professor Firat Purtaş, İslam Əməkdaşlıq Təşkilatının Üzv Ölkələri Parlament Birliyinin baş katibinin köməkçisi, səfir Əli Əsgər Məhəmmədi Sijani və Türk Dünyası Mühəndis və Memarları İctimai Birliyinin baş katibi İlyas Demirci də çıxış ediblər.

Çıxışlarda keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən türkdilli dövlətlərdə baş verən ictimai-siyasi, mədəni və iqtisadi proseslərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyi türkdilli xalqların mədəni, elmi, iqtisadi və digər sahələrdə əlaqələrini təmin edib. Əminliklə ifadə olunub ki, türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafı, eləcə də əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr qarşısıalınmaz prosesdir.