Loading...
Paskeviçin qraf Dibiçə raportu 26 may 1828 il

Paskeviçin qraf Dibiçə raportu 26 may 1828 il

Çox sayda mühacirlərin, köçkünlərin, xüsusən heç bir hazırlıq və ya digər tədbirlər olmadan, yurd-yuvalarını tərk edərək başqa yerə, maddi yardımdan kasad və müharibənin nəticəsi olaraq xarabalığa dönmüş bir ölkəyə köçmələrinin nə dərəcədə böyük çətinliklərlə müşayiət olunacağını bildiyim üçün, bir neçə min xristyan ailənin Azərbaycandan bizim diyarlara üz tutub gəldikləri zaman meydana çıxacaq narahatlıqlar barədə öncədən düşünməyə bilməzdim.

İrəvanın istila olunarkən xristyanların köçü zamanı heç bir çətinliyin və ya narahatlığın olmayacağı, bu köçün Rusiyanın mənafelərinə zidd yox, əksinə – müsbət təsir edəcəyi, ölkəyə nə artıq qayğı gətirməyəcəyi, nə də xərcə salmayacağı barədə mənə olunan inandırmalara baxmayaraq, mən ordularımızın Azərbaycanı işğal edənə və erməni cəmiyyətlərinin mənim yanıma öz deputatlarını yollamayana qədər bu işə əl qoymamaq qərarına gəldim.

Heç bir ilkin şərt və ya tələblər irəli sürmədən Deykarqana gələn deputatların istədikləri yeganə şey bizim onlara Rusiyaya aid əyalətlərdə məskunlaşmalarına şəfqət göstərib icazə verməyimiz idi. Mən onların bu kimi xahişlərinə biganə qalmağı bacarmadığım və məğlub olunmuş, əməksevər və dini etiqadları bizimlə eyni olan bir xalqın sərhədlərdə boş qalmış torpaqlarımızda məskunlaşmasının bizə böyük fayda verəcəyini zənn edərək, sözügedən deputatlara nəvaziş göstərib, onların bu xahişinin təmin olunmasına razılıq verdim. Lakin bununla belə müəyyən bir müddətə müxtəlif növ vergi və ödənişlərdən azad olunacaqlarından başqa onlara heç bir maddi yardım və ya digər mənfəət vədləri vermədim.

Türkmənçayda sülh müqaviləsi bağlandıqdan və Təbrizə qayıtdıqdan sonra mən mühacir xristyanların son dərəcə kasıb olduqları və Rusiya hökumətinin hansısa bir maddi yardım göstərməyəcəyi təqdirdə onların sərhədlərimizi keçərkən çoxsaylı fəlakətlərə məruz qala biləcəkləri xəbərdarlığını aldım. Həmçinin onların İranda xalq təsərrüfatı sahəsində əldə etdikləri gəlir və mənfəətlərini, daşınmaz əmlaklarını və hətta daşınan əmlakın da bir qismini tərk edərək, yekdilliklə köç etmək qərarını verdiklərini də öyrəndim. Ondan sonra mən onların köç etmələrinin qarşısını alıb, onların timsalında bütün intiqamçılığını və kin-küdurətini nümayiş etdirərək, onları məngənə arasında yaşadan bir hökumətin ümidinə qalmalarına yol verə bilmədim. Həmçinin yalvarıb-yaxararaq məndən onlara maddi yardım məsələsində kömək etməyimi istəyən bu xristyanların xahişinə də biganə qala bilməzdim. Bu səbəbdən mən çalışqan, fikrimcə erməni millətinin yanında soyadı böyük hörmətə malik ştabs-zabit polkovnik Lazarevi, podpolkovnik knyaz Arqutinskini və bir neçə digər məmuru köçkünlərin yaşadıqları yerdən ayrılaraq bizim diyarlara köçdükləri zaman tələb olunan yardımı göstərmələri üçün səfərbər elədim.

Bu tədbirlərin həyata keçirilməsi və köçkünlərin saxlanıldıqları yerdə onlara tələb olunan yardımın göstərilməsi üçün hazırda erməni vilayət idarəsi olan keçmiş İrəvanda, xüsusi komitə yaradılmasını tapşıraraq, ilkin olaraq bu tədbirlərə 50 min gümüş rubl ayırdım və bu pulların tamamilə yoxsul və imkansız ailələrə borc kimi verilməsi əmrini verdim. Bu sərəncamımın təfərrüatları barədə, əlahəzrət qraf, mənim cari ilin 3 mart tarixli, 340 №-li raportumdan xəbər tuta bilərsiniz. Yeri gəlmişkən onu da bildirim ki, Nerses həzrətləri bu işdə yardım göstərmələri üçün yepiskop Stefanla arximandrit Nikolayı da buraya ezam etmişlər. Mən də onları müvafiq tapşırıq və təlimatlarla təmin edərək, bütün dəstə rəhbərlərinin onlara gərəkli yardım göstərmələri üçün sərəncam verdim, lakin indiyə qədər bu dəstə rəhbərlərindən heç bir məlumat əldə edə bilməmişəm. Lazarevin verdiyi məlumatlardan isə məlum olmuşdur ki, sözügedən ruhanilərin təbliğatları mühacirlərə hansısa bir təsir etməmişdir. Bütün bunlarla yanaşı, farsların müqavimət göstərmələrinə baxmayaraq, aldığım son məlumatlara görə, xristyanların Adzərbaycandan (Azərbaycandan) bizim diyarlara köçürülməsi işi uğurla davam etdirilir və hal-hazırda Qarabağda 279 və İrəvan vilayətində 948 ailə yerləşdirilmişdir. Bütün köçkünlərin sayı isə, Lazarevin bildirdiyinə görə, 5000 ailə təşkil edir.

Bu işə səbəb olanlar aşağıdakılardır:

1. Farsların xristyanları həm vergi ödənişləri, həm də müxtəlif cür ədalətsizliklərlə sıxışdıraraq idarəetmə üsulu;

2. Bizim ordularımızın Adzərbaycanda olması və köçkünlərə havadarlıq etməsi sayəsində mühacirlərin soyğunçuluq və zorakılıqlardan qorxmadan yerlərindən tərpənib sərhədlərimizə qədər hərəkət edə bilmələri;

3. Böyük lütfkarlıq olaraq sözügedən adamlara (köçkünlərə) borc verilmiş pul. Məhz bu pulların köməyi ilə onlar yükdaşıyan heyvandarlıq təsərrüfatlarını qaydaya salaraq və ya heyvan almağa nail olaraq, öz güzaranlarını heç olmasa qismən yaxşılaşdırmağı bacarmışlar və nəhayət

4. Polkovnik Lazarevin, podpolkovnik knyaz Arqutinskinin, onların qulluğunda olan məmurların və hətta kənar zabitlərin sədaqəti və tərifəlayiq cidd-cəhdləri.

Polkovnik Lazarevin mənə verdiyi məlumatlara görə, bu işdə böyük rəşadət göstərmiş Kabardin piyada və kazak polkovniki Şamşevin qoşun zabitləri mühacirlərin son dərəcə soyuq və qarlı-yağışlı havada dağlardan aşdıqları zaman öz minik atlarını köçkün ailələrinə təqdim edərək, özləri o çətin keçidlərdə piyada yürümüşlər. Bununla yanaşı, Lazarev bizləri inandırır ki, dövlət xəzinəsindən mühacirət edən ermənilər üçün xərclənən bütün məsrəflər artıqlaması ilə xəzinəyə qaytarılacaqdır, zira ermənilərin təcrübədə sübuta yetirilmiş ruslara olan sədaqətindən əlavə, bu millətin nümayəndələri yorulmaz işgüzarlıqları ilə də özlərini yetərincə təsdiqlətmişlər. Xristyanların köçürülməsi işində əldə olunmuş istənilən müvəffəqiyyətlərə və onların gətirəcəyi mənfəətə baxmayaraq, mən onların gələcəkdə yerləşdirilməsi zamanı müəyyən çətinlik və məsrəflərin qaçılmaz olacağını da nəzərə almaya bilmərəm. Çünki köçkünlər dövlət xəzinəsindən təkcə cari ilin yox, həm də qarşıdan gələn ilin məhsul yığımına qədər ərzaq və azuqələrlə, həmçinin buğda əkini üçün lazım olan toxumlarla təmin olunmalıdırlar. Mən isə aşağıda göstərəcəyim səbəblərdən irəli gələrək, bütün bu tədbirlərin əngəlsiz olaraq həyata keçirilməsinə böyük tərəddüdlə yanaşıram:

1. Köçkünlərin yerləşdirilməsi təyin olunan İrəvan və Naxçıvan əyalətləri müharibənin nəticəsi olaraq son dərəcə yoxsullaşmış və kifayət qədər çörək ehtiyatlarına malik deyillər;

2. Yuxarıda göstərilən ərzaq və azuqələrin artıq olduğu istənilən hallar ordularımzın təminatına yönəldilmişdir və bu da mənim diqqət mərkəzində saxladığım əsas məsələdir;

3. Türkiyə ilə müharibə bizim onlardan və onlarla qonşu olan paşalıqlardan çörək tədarükünün həyata keçirməyimizə böyük əngəllər yaradır;

4. Farslar da həmçinin bizim onlara məxsus olan vilayətlərdən çörək tədarükləri etməyimizə əngəllər törədirlər.

Məhz bu səbəblər üzündən mən köç edən xristyanların acından ölməmələri üçün özümdən asılı olan bütün tədbirləri nəzərə almışam və hətta polkovnik Lazarevə ciddi-ciddi tapşırmışam ki, yeni məhsulun biçininə qədər – yəni iyul ayının 1-nə qədər özləri ilə azuqə götürmək imkanında olmayan ailələri yerindən tərpətməsin. Çünki mən elə ailələrin bizim diyarlara köç edib aclıq və olmazın çətinliklərə sürükləməkdənsə, hələlik, şəxsi məhsul səbəbinə dolana bilənə qədər İranda qalmalarını daha məqsədəuyğun hesab edirəm.

Ümumiyyətlə mənim təxminlərimə görə, elə ailələrə yardım etmək üçün əhəmiyyətli məsrəflər tələb olunur ki, mən də bu işlər üçün təyin olunan məbləğdən artıq ödəniş etmək iqtidarında olan bir şəxs deyiləm.

Yuxarıda göstərilənləri alihəzrət diqqətinizə çatdırmağı özümə bir borc bilirəm.

Mənbə:

Mərkəzi Dövlət Hərbi-Tarix Arxivi, f. Hərbi Qeydiyyat Arxivi, 978 №-li iş,v. 22-26 səhifələr.

Развитие Еревана после присоединения Восточной Армении к России (Сборник документов, 1801-1917 гг. ). Составитель Т. Акопян. Ереван, 1978, с. 210-211.