Loading...

Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans keçirilib

31 mart 2016 – cı il tarixdə Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Gənclər və İdman Nazirliyinin və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd gənclər arasında dünyada baş vermiş soyqırımlar haqda həqiqətlərin daha geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etməkdir.

Konfransı giriş sözü ilə Gənclər və Idman Nazirinin müavini İntiqam Babayev açıb. O bildirib ki, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur: “Bu gün yaşadığımız dünyada qeyri-stabil bir mühit formalaşıb. Dünyada stabilləşmə əvəzinə qaynar nöqtələrin sayı artmaqdadır. Biz 2 əsrə yaxın ermənilər tərəfindən deportasiya və soyqırımı siyasətinə məruz qalmışıq. 1918-ci ilin mart ayında erməni daşnak quldur dəstələri Azərbaycanda minlərlə insanı qətlə yetirib”.

Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Alev Kılıç qeyd edib ki, arxivlər açılmalı və tarix ortaq şəkildə yazılmalıdır: “Türkiyə qondarma erməni soyqırımı iddiaları ilə 1965-ci ildən sonra üzləşməyə başlayıb. Hazırda “soyqırım” məfhumundan siyasi alət kimi istifadə olunur. Biz Türkiyə olaraq 80-ci illərdə bu məsələnin ciddiliyinin fərqinə vardıq. Yəni, biz gec ayıldıq. Biz düşünürdük ki, bu sadəcə təbliğatdır”.

AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycana dəyən zərərin həcmi 495 milyard dollar təşkil edir. Bakı şəhərinə isə 1,2 milyard rubl ziyan dəyib.

Özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov qeyd edib ki, 31 martda Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırım siyasəti həyata keçirilib. Bu haqda bütün dünya məlumatlı olmalıdır.

Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Moldova, Özbəkistan və İrandan olan elm adamları, ekspertlər iştirak etmişdir.