Loading...

“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib

01 may 2015–ci il tarixdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” filminin çəkilişində məqsəd Azərbaycan ərazisində mövcud olan bu qədim dövlət haqqında həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.

Sonra hər iki film nümayiş etdirilib.

Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” filmində bu rayonunun tarixi-mədəni abidələri, füsunkar təbiəti, görməli yerləri ətraflı təqdim edilir. Əsərdə Laçın rayonuna virtual səyahətə çıxan tamaşaçı Məşədi Mehralı körpüsü, orta əsrlərə aid Məlik Əjdər türbəsi, Kar kümbəz, Mağara qalası, Sultanbud türbəsi, V-VI əsrlərə aid Ağoğlan məbədi və s. abidələrlə tanış olur.

“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filmində isə britaniyalı tədqiqatçı Nigel Hetherinqton bu qədim dövlətin tarixi, əhalisi, dini məbədləri, yazıları, maddi-mənəvi izləri barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verir. Yerli və xarici yaradıcı heyətin iştirakı ilə ərsəyə gələn əsər bu mövzuda xarici auditoriya üçün nəzərdə tutulan ilk sənədli filmdir. Filmdə yerli və əcnəbi tədqiqatçılar ekspert qismində iştirak ediblər. Filmin ideya müəllifi və rəhbəri Nurəddin Mehdiyevdir.

Tədbirdə, həmçinin “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən rəsmi internet səhifəsinin (www. virtualkarabakh. az) türk və fransız dillərində yeni versiyaları da təqdim olunub. Qeyd edilib ki, bu da ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında yeni imkanlar açır.

Filmlərin nümayişindən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək tarixən tolerantlığın və multikulturalizmin beşiyi olan ölkəmizlə bağlı həqiqətlərin, Azərbaycanın bu sahədə zəngin təcrübəsinin, eləcə də tarixi və mədəni irsimizin gənclərimiz tərəfindən dünya ictimaiyyətinə çatdırılması baxımından filmin əhəmiyyətini yüksək qiymətləndirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Virtual Qarabağ” Mərkəzinin fəaliyyətə başladığı üç il ərzində həyata keçirdiyi tədbirlər, elmi və tarixi faktlar əsasında hazırladığı filmlərlə saxta erməni təbliğatına tutarlı cavab verildiyini bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev də çıxışında bu filmlərin tariximizin mühüm səhifələrinə işıq saldığını diqqətə çatdırıb, bu sahədə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov tədbirdə çıxış edərək filmlərin uğurla ərsəyə gəlməsində əməyi olan qurumlara və şəxslərə təşəkkürünü çatdırıb. Prezident Administrasiyasının rəsmisi hər iki filmin Azərbaycan tarixinin, mədəniyyətinin, o cümlədən qədim abidələrimizin təbliğinə mühüm töhfə verəcəyini söyləyib.

Tahir Süleymanov gənc müstəqil ölkə olan Azərbaycanın dövlətçilik tarixinin bir neçə minilliyə qədər uzandığını vurğulayaq, ölkəmizin ərazisində mövcud olan dövlətlərdən bəhs edib. Diqqətə çatdırıb ki, eramızdan əvvəl IV əsrdə tarixi Azərbaycan torpaqlarında – cənubda Atropatena, şimalda isə Albaniya dövlətləri yaradılıb. Qafqaz Albaniyasının tərkibinə Dağıstanın cənub, Ermənistanın böyük hissəsi, o cümlədən Göyçə və Zəngəzur mahalları daxil idi.

Administrasiya rəsmisi Qafqaz Albaniyasında yaşayan tayfaların yaratdığı maddi-mədəniyyət abidələrinin, zəngin tarixi və mənəvi irsin uğurla təbliği baxımından filmin əhəmiyyətini yüksək qiymətləndirib, yaradıcı heyətə təbriklərini bildirib.

GİN-in dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi 7 gənclər təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir. Mərkəzin ötən il “Qarabağa virtual səyahət” silsiləsindən təqdim etdiyi “Şuşa - virtual səyahət” 3D qrafik təsvirli filmi ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.