İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Münaqişə

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Münaqişənin hüquqi aspektləri

Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın yurisdiksiyasında olmaması məsələsini qaldırırlar. Bundan əlavə, rəsmi Yerevanın fikrincə, Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində Azərbaycandan ayrılması və “Dağlıq Qarabağ Respublikası”nın yaradılması qanuni şəkildə baş vermişdir. Mövqelərini əsaslandırmaq üçün onlar əsasən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına istinad edir. Bu Qanuna əsasən, müttəfiq respublika tərəfindən Qanunla nəzərdə tutulmuş ayrılma proseduru həyata keçiriləcəyi təqdirdə, muxtar qurumlar SSRİ və ya ayrılan respublika tərkibində qalıb-qalmama barədə müstəqil qərar qəbul etmək, eləcə də öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ əldə edir. Bundan əlavə, Ermənistan iddia edir ki, Azərbaycan SSRİ-nin varisi olmaqdan imtina etdiyinə görə, onun Sovet dövrü sərhədlərinə iddia etməsinə heç bir əsas yoxdur. Ermənistan tərəfi həmçinin tez-tez beynəlxalq hüququn xalqların öz müqəddəratını təyinetmə prinsipinə istinad edərək, onu Dağlıq Qarabağın erməni əhalisinin birtərəfli qaydada ayrılmasına da şamil etməyə cəhd göstərir.

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət Ermənistan ya birbaşa öz silahlı qüvvələri ya da onun hərbi yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərə nəzarəti həyata keçirir. Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status quo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmiş fəaliyyəti ilə "fait accompli" vəziyyəti yaratmağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal gətirmək olar.

Münaqişənin nizamlanma prosesi

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı. 

Münaqişənin Azərbaycana vurduğu ziyan

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmişdir.

Qaçqınlar və məcburi köçkünlər

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır

Əsir, girov və itkin düşənlər

1 yanvar 2011-ci il tarixinə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmş əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 5 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir (149 nəfər qadın).