İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ abidələri

Qarabağ abidələri

Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri - 2 mln il yaşı olan Azığ düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir.

Bütöv Azərbaycan ərazisində Manna, Midiya, Skit, Atropatena dövlətləri sırasında,  e.ə IV-III əsrlərin qovşağında Azərbaycan Respublikasının ərazisində Qafqaz Albaniyası dövləti meydana çıxmışdır. B.e. I əsrində Albaniyanı Alban Arşakiləri soyu idarə etmişdir. Albaniyanın cənub sərhəddi bu dövrdə Araz çayı boyunca keçmişdir(Moisey Kalankatuklu. Albaniya tarixi(tərcümə Z.M.Bünyadovundur). Bakı. Elm 1993, 235 s,k.1,f,4; Moisey Xorenskoqo.İstoriya Armenii. Perevod N. Gmina. Moskva, Nauka, 1983,, k.2,8). Girdman, Sakasena, Uti, Arsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi(Moisey Kalankatuklu. Albaniya tarixi(tərcümə Z.M.Bünyadovundur). Bakı. Elm 1993. 235 s, k.4. f. 50; Azərbaycan tarixi, II c. Bakı. Elm, 1998, s. 15-21).

B.e.ə. VI-III əsrlərə aid Beyləqan, Ağcabədi, Bərdə, Yevlax, Tərtər və Qarabağın Dağlıq ərazisində türk xalqlarına məxsus olan çoxlu sayda skif kurqanları aşkar edilmişdir.

Antik mənbələrin Qarabağın qədim ərazisində-Uti, Arsak və Paytakaranda qədim şəhərlərin mövcudluğu barədə maraqlı məlumatlar verir. Bərdədə, Govurqalada(Ağdam), Qaraköpək təpədə(Füzuli), Ergi yaşayış yerində(Ağcabədi) və s. arxeoloji tədqiqatlar deyilənləri təsdiq edir.

Qarabağ bölgəsində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Çəncəsər(Qanzasar), Amaras, Yelisey, və Xotavəng məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı) mövcuddur.

Yeri gəlmişkən XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmamışdır. Qarabağın avtoxton albanlarının olmasından istifadə edərək, oraya XIX əsrdən etibarən çoxlu erməni ailəsi köçürülmüşdür.

Bunu Dağlıq Qarabağda Ağdərənin(Mardakert) Marağa kəndində Qarabağa (İranın Marağa şəhərindən) ilk 200 ailənin(erməni ailəsinin) köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildə sübut edir.

Qarabağ ərazisində müxtəlif dinlərin mövcud olması insan cəmiyyətinin ictimai həyatına böyük təsir göstərmişdir. Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da xristianlıq və müsəlmanlığın mövcud olması və biri digərini əvəz etməsi tikinti mədəniyyətində özünü göstərmişdir. Qarabağ ərazisində(Dağlıq Qarabağda Amaras, Ağdamda Govurqala, Kəlbəcərdə Xotəvəng, Laçında Ağoğlan) və Albaniyanın digər yerlərində (Qax rayonu Qum kəndi, Qəbələ rayonu böyük Əmidli kəndi, Mingəçevir) xeyli alban xristian avidəsi inşa edilmişdir.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri, bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünə məxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.

İslam dininin qəbul edilməsi Albaniyada(Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılmışdır.

Həmin dövrdə Qarabağın mənəvi mədəniyyətində çiçəklənmə dövrü başlanmışdır. “Qarabaği”, “Bərdəi” təxəllüsü ilə tanınmış onlarla mütəfəkkir yetişmiş, onların adı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumatlar tarixə çevrilmişdir.

XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran(Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirmişdir. Memarlıq və şəhərsalma, dekarativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000–dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır.

Qarabağın şəhərləri – Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan-müsəlman dövründə meydana gəlmişdilər. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideolojı təfəkkür tərzi inşa mədəniyyətində öz  bədii əksini tapmışdır. Yeni milli-ideolojı xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərirlər. Bu bütün Azərbaycanda, həmçinin Qarabağda, orta əsrlərdə inşa olunmuş memarlıq şedevləri ilə təsdiq olunur.

Qarabağ ərazisində sayı-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyəti epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisindən vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınmış və tədqiq edilmişdir.

Füzuli bölgəsində Şeyx Yaqubun(XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr(XIV əsr), Şeyx İbrahim türbəsi(XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi(h.t.1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə(1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi(1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası(XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü(XIV əsr), “Bərdə”, “Axsadan baba” türbələri(XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli “İmamzadə” məscid kompleksi(1868), “Bəhmən Mirzə” türbəsi, Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi(XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində “Uşaq qalası”, “Böyük bulaq” abidəsi(XV əsr), Həmzə Sultan sarayı(1761) da tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir.

XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq(Tərnəküt), Pənahabad(Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karvansaray, məscid, hamam, və s. inşa edilmişdir. Ağdamda imarətlər. Pənah xana və nəslinə aid kümbəzlər tikilmişdir.

Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad(Şuşa) tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.

Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hal-hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlim deyil.

Orta əsrlərdən məşhur olan Qarabağ xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. Qarabağ xalçaları qrupuna aid olan xalçalar adları və naxışları ilə seçilir. Qarabağ xalçaları Bərdə, Ağcabədi xalçaları olub birinci qrupa, Şuşa xalçaları adı altında ikinci qrupa, Cəbrayıl xalçaları adı altında üçüncü qrupa ayrılır.

Qarabağ xalçaçılıq sənətində qədim ənənə intensiv olaraq davam etdirilmişdir. Qarabağın xalça sənəti XVII əsrin ikinci yarısından etibarən Şuşa şəhərində mərkəzləşmiş, daha geniş miqyasda inkişaf etməyə başlamışdır.

Bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda, o cümlədən Qarabağda son orta əsrlərdə də mədəniyyət, elm və ədəbiyyat yüksək inkişaf dövrü keçirmişdir. Sonrakı dövrlərdə də Qarabağ mədəni mərkəz rolunu itirməmişdir.

Beləliklə, tədqiqatlar Qarabağın maddi mədəniyyət irsinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsinin olduğunu aydın şəkildə göstərir və bu barədə əks fikirləri əsassız olduğunu sübüt etməyə əsas verir. Qarabağ abidələrinin bu günkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoydu.

Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. XX əsrin ən böyük faciəsini-Xocalı faciəsini törətdilər erməni və rus hərbi birləşmələri Xocalı əhalisini soyqrıma məruz qoydular. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbrstanlığını texnika vastəsilə darmadağın etdilər. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Şuşa muzeylərini dağıtdılar.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İslam abidələri dağıdılıb yer üzərindən silindi. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı təmamilə məhv edildi.

Qasım Hacıyev

Tarix elmləri doktoru