İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət

Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət Ermənistan ya birbaşa öz silahlı qüvvələri ya da onun hərbi yaxud digər dəstəyi sayəsində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərə nəzarəti həyata keçirir. Ermənistan hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status quo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmiş fəaliyyəti ilə "fait accompli" vəziyyəti yaratmağa çalışır. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal gətirmək olar.

Erməni mənbələri də daxil olmaqla, bir çox informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermənistan işğal olunmuş ərazilərdə erməni əhalisinin sayını 2010 -cu ilədək 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətində olmuşdur. Faktlar sübut edir ki, bütün bu fəaliyyət işğal olunmuş ərazilərin ilhaqı məqsədilə mütəşəkkil qaydada həyata keçirilir. İşğal olunmuş ərazilərindəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində müza­ki­rəsini xahiş etdi.

Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, tam və hərtərəfli nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı.

ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar-5 fevral 2005-ci il tarixlərində işğal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işğal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurğuladı və müvafiq beynəlxalq təşkilatları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırdı. Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu.

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur. 7 sentyabr 2006-cı il tarixində BMT Baş Məclisi işğal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırdı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığa hazır olduğunu vurğulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırdı. ATƏT-in 4-12 oktyabr 2006-cı il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyanını dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi. 14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul etdi.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal hallarında olduğu kimi, Ermənistan işğal olunmuş ərazilərdə “seçkilər” və “referendumlar” keçirərək, işğal etdiyi ərazilərdə baş verənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır. Buna misal olaraq 10 dekabr 2006-cı il tarixli “konstitusiya referendumu”nu və 19 iyul 2007-ci il tarixli “prezident seçkiləri”ni göstərmək olar.

Beynəlxalq ictimaiyyət bu kimi qeyri-qanuni hallar və onların sülh prosesinə mənfi təsiri ilə bağlı özünün birmənalı və prinsipial mövqeyini ifadə etmiş, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətini bir daha təsdiq etmişdir.  

 Mənbə: http://www.mfa.gov.az