İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı çıxışları

... Uzun müddət ölkəmizin üzləşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu işğal Ermənistanın Azərbaycana qarşı apardığı  təcavüzkar separatçı irtica ilə başlamışdır. Bu siyasət Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun inzibati sərhədlərindən kənarda yerləşən daha 7 rayonumuzun işğalı ilə  nəticələndi. Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə azərbaycanlılar məskunlaşan  ərazilərdir...

... Bu vəziyyət 10 ildən artıqdır ki, davam edir. Bu ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəsin onuncu ili olacaqdır və 10 ilə  qədərdir ki, aparılan danışıqlar nəticə vermir.  Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə  də eyni münasibətlə yanaşmağı  tələb edir. Bizim  ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI  əsrdə Avropa  Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın  ərazilərini işğal etməsinə yol verməməliyik.  

 

Prezident İlham Əliyevin Strasburqda AŞPA-nın yaz sessiyasının iclasındakı çixişından

Strasburq şəhəri, 29 aprel 2004-cü il

 … Azərbaycanın digər bölgələrində çoxsaylı tarixi və dini abidələr mövcuddur və onlar da dövlət tərəfindən qorunur. Ancaq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş torpaqlarda biz öz tarixi irsimizi qoruya bilmirik. Çünki bizim torpaqlarımız erməni işğalı altındadır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bizim ərazimizin 20 faizi işğal altına düşüb və bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bununla bərabər, orada bütün tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bütün muzeylərimiz talan edilib, bütün dini məbədlərimiz, məscidlərimiz dağıdılıbdır. Bunu eyni zamanda, beynəlxalq müşahidəçilər də vurğulayırlar. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfəri zamanı hazırlanan məruzədə bütün bunlar göstərilibdir. Göstərilib ki, Ermənistan tərəfindən hər şey dağıdılıbdır. Yəni budur erməni vandalizminin nəticələri, budur təcavüzkar işğalçı siyasətin nəticəsi. Şübhə yox ki, torpaqlarımız işğal altından çıxandan sonra biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bütün şəhərləri yenidən bərpa edəcəyik, bütün binaları tikəcəyik. Ancaq bunu etmək üçün münaqişəyə son qoyulmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtma­lıdır­lar…

“Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin açılışında Prezident İlham Əliyevin nitqindən

Bakı şəhəri 18 fevral 2009-cu il

...Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılmışdır. Müharibənin ilk illərində ermənilər o abidəni dağıtmışlar. Ancaq tarixi dəyişdirmək mümkün deyildir. Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür...

Dünya azərbaycanlılarının III qurultayında prezident İlham Əliyevin nitqi

Bakı  şəhəri, 05 iyul 2011

...Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə, - Ermənistan da daxil olmaqla, - Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu da təbiidir, çünki Dağlıq Qarabağ Azərbaycanın içində, ortasında yerləşir. Heç sovet dövründə də Dağlıq Qarabağın inzibati hüdudları Ermənistan Respublikasının inzibati hüdudları ilə bir deyildi. Yəni, o, Azərbaycanın içində yerləşən kiçik bir vilayət idi.

Beynəlxalq hüquq tələb edir ki, torpaqlarımız işğaldan azad edilsin, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtsınlar. Ona görə beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim bütün qaçqınlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayıblar elə də yaşayacaqlar. Bizim buna etirazımız yoxdur. Bu, dünyada qəbul edilmiş gözəl təcrübədir. Hər bir ölkədə, əlbəttə, Ermənistan istisna olmaqla, müxtəlif xalqlar yaşayır, Türkiyədə, Azərbaycanda, demək olar ki, dünyanın əksər ölkələrində. Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır, çünki yaşaya bilmir, onlar başqa milləti yaşatmırlar.

Ona görə Azərbaycan çoxmillətli dövlət kimi, əlbəttə ki, orada yaşayan ermənilərə də şərait yaradacaqdır, kömək edəcəkdir və onlar gələcəkdə Azərbaycan dövlətinin vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər.

Əgər Ermənistan reallığı və Azərbaycanın xeyrinə dəyişən vəziyyəti nəzərə alsa, onda düzgün qərar qəbul edəcək, işğal edilmiş torpaqlardan çəkiləcək, ondan sonra sülh bərpa ediləcək, bütün yollar açılacaq, bütün ölkələr, xüsusilə Qafqazda və bizim coğrafiyamızda yerləşən ölkələr bir–biri ilə yaxın əlaqədə olacaqdır. Bizim istəyimiz bundan ibarətdir. Bizim Ermənistanın bir qarış torpağında gözümüz yoxdur. Baxmayaraq ki, oralar da tarixi Azərbaycan torpaqlarıdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim torpaqlarımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik. Əgər, bir daha demək istəyirəm ki, Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal edilmiş torpaqlardan çıxsa, o zaman bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və işğalçı siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlıq Qarabağ üçün nəticələr çox acı ola bilər.

Yəni, biz burada beynəlxalq hüquqdan kənarda bir çözüm görmürük. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu, ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə, əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır.

İndi onlar qorxu içində yaşayırlar. Biz bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar da gözəl bilirlər ki, bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağda öz suverenliyini asanlıqla bərpa edə bilər, asanlıqla! Sadəcə olaraq biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə başlasın. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək. Kim istəyər ki, yenidən müharibə başlasın?! Ancaq biz bu vəziyyətlə də barışa bilmərik. Ümumiyyətlə, bu vəziyyət çox davam edə bilməz.

Əgər fikir vermisiniszə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirləri bəyanatlar verirlər ki, status-kvo qəbuledilməzidir, status-kvo dəyişilməlidir. Bu bəyanatları onlar yalnız keçən ildən verməyə başlamışlar. Nə üçün? Çünki hamı yaxşı anlayır ki, status-kvo belə qala bilməz. Gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən, yoxsullaşan Ermənistan. Necə ola bilər ki, bizim torpaqlarımız işğal altında qalsın? Mümkün deyildir. Hər gün, hər ay, hər il Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından yanaşmalıdır. Heç olmasa, bir beş il, on il qabağı proqnozlaşdırmalıdır ki, görsün, burada beş ildən, on ildən sonra güclər nisbəti necə olacaqdır?! Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaqlar.

Ermənistanda bəzi hallarda yanlış bir fikir var idi ki, nəsillər dəyişəcək, gənc nəsil yetişəcək, onlar heç Qarabağda olmayıblar, onlar Qarabağa qayıtmaq istəməyəcəklər. Bu, tamamilə yanlış bir yanaşmadır. Bəlkə bu, ermənilərə xas olan xüsusiyyətdir, amma Azərbaycan xalqının tarixi yaddaşı vardır. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç vaxt! Ona görə, gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna şübhəm yoxdur. Sadəcə olaraq, mən istəyirəm ki, bu, tezliklə olsun və əgər mümkündürsə, qan tökülmədən olsun.

Prezident İlham Əliyevin Türkiyənin TRT televiziya kanalına müsahibəsindən

Bakı şəhəri, 29 fevral 2012-ci il

 

…Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında bir qayda olaraq sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilmişdir. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törətmişdir. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirmişdir. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı….

BMT Təhlükəsizlik Şurasının iclasında İlham Əliyevin nitqi

Nyu – York şəhəri04 may 2012

 ... Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil dövlət olacaqdır. Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Bu yaxınlarda Qoşulmama Hərəkatının qətnaməsində də - o Hərəkatda 120 ölkə cəmləşir, yəni, dünya birliyinin əksəriyyətidir, - məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunması nəzərdə tutulur. Bu ilin mayında Çikaqoda keçirilən NATO zirvə görüşündə son bəyanatda yenə də münaqişənin Azərbaycanın ərazi və ancaq ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Əlbəttə, bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. vardır.

Yəni, bu, birmənalı yanaşmadır və mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir...

... Azərbaycan müstəqil dövlətdir, beynəlxalq təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Qoşulmama Hərəkatı, hansı ki, 120 ölkəni birləşdirir, bizim mövqeyimizi dəstəkləmişdir. İslam Əməkdaşlıq Təşkilatı bizim mövqeyimizi dəstəkləmişdir. Ona görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik, ermənilərin qaldırdığı hay- küy heç bir əhəmiyyətə malik deyildir. 

İlham Əliyevin yeni inşa edilən Gənclər Mərkəzinin açılışındakı nitqindən

Tərtər şəhəri, 07 oktyabr 2012

 

Mənbə : Prezident kitabxanası