İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyət

1988-94-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.

İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılmışdır ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin  digər növləri bu gün də  talan edilir.

İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və  5 ədəd geoloji obyekt qalmışdır. Hal hazırda işğal olunmuş  ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalıb, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib.             

Avropada yeganə təbii çinar meşəsi Kiçik  Qafqazın qərb hissəsində-Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı  Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdır.  Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi 20 ildir ki, erməni işğalçılarının əlindədir. Əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılır və məhv edilir.

Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açmışlar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırır beləliklə də cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtilər məhv edilir. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyildir.

Daha bir fakt. Zəngilan rayonunun  Muğanlı kəndində 100 miliyon  dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir. Bu barədə bir neçə dəfə  beynəlxalq konfranslarda məsələ qaldırmışam. Çünki Bəsitçay vadisindəki  çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir.

Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfovun imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 17 dekabr 2003-cü il tarixli 4/21-332/03 №-li məktubda bildirilir ki, son zamanlar Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda istehsal olunan «Cermuk» mineral suyu satışa çıxarılmışdır.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, adı çəkilən mineral su Ermənistanın «Cermuk» şirkətlər qrupu tərəfindən Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu”dan doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır.

Məlum olduğu kimi Şuşa şəhəri dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin mədəniyyət və təbiət abidələri artıq məhv edilib. "Ağzı yastı" kaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. "Haça yal" adlanan sahəsində uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Digər təbiət abidəsi Qarqar çayının sol sahilində, Şuşa şəhərindən cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng daşları Titan əsrinə aid edilən "Xan mağarası" da xüsusi mühafizə olunan təbiət ərazilərinə aid idi. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi İ. Q. Ələkbərovun verdiyi məlumata görə: “Əldə olunmuş video kasetlərdən və peyk vasitəsilə aparılmış çəkilişlərdən müəyyən edilmişdir ki, Şuşa şəhərinin “Cıdır düzü” adlanan qoruq ərazisində, çöl qala adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılaraq qışda yandırmaq üçün oduncaq kimi istifadə etmişlər. Bu göstərilənlər ermənilərin yaşadıqları mənzillərin eyvanında qalaq-qalaq yığılmış, doğranılmış oduncaqların görüntüləri ilə tamamilə təsdiq olunmuşdur. Bundan başqa Şuşa şəhərinin yuxarı hissəsində “dörd yol” adlanan yerdən yuxarı “Laçın” küçəsinin sağ və sol hissələrində 70-80 ədəd müxtəlif növ iri diametrli ağacların kəsilmiş köküstü kötüklərinin qalıqları aydın görünür. (akt № 01    26. 08. 2005 -ci il)

Şəhərin A. Qaraşov  küçəsi boyunca 1-2 ağac istisna olmaqla illər uzunu qulluq edilmiş müxtəlif növ ağacların küçə boyu qırıldığı video kasetdən aydın görünür. (akt № 02. 08. 2005–ci il)

Şəhərin H.Hacıyev adına 4 № li orta məktəbin qarşısında yol boyu 50-60 ədəd çoxillik iri diametrli qovaq ağaclarının tamamilə qırıldığı aşkar görünür. (akt № 5  26. 08. 2005–ci il)

Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılmış, orada müxtəlif adda qiymətli ağaclar qırılmış tikinti işləri aparılmışdır ki, bu da video kasetdə aydın görünür ki, bu da dövlət tərəfindən qorunan qoruqların mühafizəsi qaydalarına tamamilə ziddir. (akt № 6  26. 08. 2005–ci il)

Şəhərin yuxarı hissəsində kino-teatrın qarşısında küçə boyunca iri diametrli dekorativ ağacların kəsildiyi həmin ağacların gövdələri görünür ki, burada yaşayan ermənilərin kəsilmiş ağaclardan oduncaq kimi istifadə etmələri danılmaz faktdır. (akt № 8 26. 08. 2005 –ci il)

Bundan başqa şəhərin Haça Yal adlanan meşə sahəsində ermənilərin 1500-2000-ə yaxın palıd ağaclarını əsirlikdə olanlara qırdıraraq Xankəndinə aparmaları faktı da vardır.

14 iyun 2006–cı il tarixdə ermənilərin Xocavənd rayonunun “Qaraca çalan” və “Nərgiz təpə” adlanan hissələrində yanğın törətmələri faktı ilə əlaqədar hadisə yerində video çəkilişlər aparılmaqla müəyyən edilmişdir ki, ermənilərin törətdikləri vəhşilik nəticəsində 15000 hektara qədər torpaq sahəsi yanğına məruz qalmış, yanğın zamanı torpağın üst qatı və bitki örtüyü tamamilə məhv edilmişdir. Orada olan fauna və floradan əsər- əlamət qalmamış, ərazidə olan ağaclar yanaraq külə dönmüşlər.”

Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Laçın rayonunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir. Ümumi sahəsi 240 hektar olan Qoruq indi ermənilər tərəfindən talan edilməkdədir. Qaragöl və onun əhatəsindəki ərazilərin tamamilə məhv olmaq təhlükəsi yaranıb.

Burada ermənilər tərəfindən fasiləsiz ovlandığı üçün heyvan və quşların sayının xeyli azaldığı, bir çox növlərin tamam məhv edilməsi müşahidə edilib.

Yasaqlığın ərazisində Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacları var. Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan bu ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilir. Indi qırmızı palıd və diğər növlər ermənilər tərəfindən vəhşicəsinə qırılaraq Fransaya, qoz ağacları isə qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana satılır.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.

Hazırda işğal altında olan Sərsəng su anbarı Tər-tər çayı üzərində 1976-cı ildə inşa edilmiş, ümumi su tutumu 560 milyon m3, bəndinin hündürlüyü 125 metrdir. İşğaldan qabaq 79000 hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsi ilə suvarılırdı.

Lakin, uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15% - i buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.

Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6  civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5  tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.

Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdir.

Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir. Bunların əksəriyyəti işğalçılar və qanunsuz olaraq bəzi xarici şirkətlər tərəfindın istismar edilir.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır.

Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranmışdır.

Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində Zəngilan rayonunun Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirmişdir. Çayın yatağının 43 kilometri, su toplayıcı sahəsinin isə 455 km2-i Azərbaycan ərazisinə düşür ki, bu hissə daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora–fauna da məhv olmuş, öz-özünü təmizləmə prosesi dayanmışdır.

Qubadlı rayonunu işğal etdikdən sonra kəndlərdəki evləri yandırıb viran etmiş, əmlakını, var-dövlətini talan edib aparmış, meşələri, həyətlərdəki ağacları kəsib daşımış, təbiət abidələrini, dağıdıb məhv etmiş, yasaqlardakı vəhşi heyvan və quşları vəşicəsinə ovlamış, “Bərgüşad” və “Həkəri” çaylarındakı qiymətli balıq növlərini elektirik cərəyanları və partlayıcı maddələrlə qırıb tükənmiş hala salmışlar. Başqa sözlə desək Qubadlının ətraf mühitinə və təbii sərvətlərinə misli görünməmiş dərəcədə dağıdıcı zərbə vurmuşlar.           

Bir çox mənbələrdən verilən məlumatlara görə Ermənistan Atom elektirik stansiyasında hasil olunan nüvə qalıqlarını Qubadlı və Laçın rayonları ərazilərində ört-bastır edir.

Qubadlı rayonunun Həmzəli kənd sakini  Qaraşov əlizaman Telman oğlu izahatında qeyd edir ki, 1993-cü ilin avqust ayından 1994-cü ilin oktyabr ayına kimi erməni əsirliyində olmuşam. Əsr düşəndə 13 yaşım vardı. Ermənilər məni Xankəndində donuz tövləsində saxlayırdılar. Azyaşlı olmağıma baxmayaraq məni ermənilər hər gün döyür, söyür, işgəncə verir, ac-susuz saxlayır, lazım olanda ağır işlər gördürürdülər. Mən və yaşıdlarımı Horadiz bazasından pambıq və meşələrimizdən kəsilmiş ağac hissələrini maşına yığıb boşaltmağa məcbur edirdilər. Uşaq olsam da meşələrimizin, bağlarımızın amansızlıqla kəsilib daşındığını, ov-vəhşi heyvanların acgözlüklə ovlandığını, çaylarımızdakı balıqların kütləvi şəkildə məhv edildiyini gördükcə ürək ağrısı keçirirdim.

Erməni əsirliyindən qayıdan rayonun  Yuxarı Xocamsaxlı kənd sakini Hidayyət Xəlilov, Xocahan kənd sakini Nazim Rəcəbov, Novlu kənd sakini Bəhlul Adgözəlov, Həmzəli kənd sakini Kərəm Yusifov və başqaları ilə aparılan söhbətlər zamanı onlar da ermənilərin işğal olunmuş Azərbaycan kəndlərini yandırıb külə döndərdiklərini, meşələrin, bağların kəsilib aparıldığını, təbii sərvətlərimizi vəhşicəsinə dağıtdıqlarını ürək yanğısı ilə danışırdılar.

Estoniyada yaşayan Azərbaycanlıların xahişi ilə Ermənistan Qafan rayonunun  Şıxovis kəndinin sakini mexanik Tacatın  oğlu tərəfindən çəkilmiş videokasetə baxış zamanı müəyyən oldu ki, həmin kaset Qubadlı rayonunun Məmər kəndindən rayon mərkəzinə qədər “Bərgüşad” çayı sahili boyunca asfalt yol və onun ətrafındakı Məmər, Hal, Qəziyan, Müskanlı, Saray, Mirlər kəndlərini əhatə edən bu videokasetdə qırılmış ağac pöhrələrindən, qamış və kol-kosdan başqa heç nə yoxdur. Bütün evlər dağıdılıb, yandırılıb xarabalıqlara çevrilmiş, evlərin həyətlərindəki ağaclardan, bağlardakı qoz və çinar ağaclarından heç bir əsər-əlamət yoxdur. İri ağacların yalnız kötük hissələri zorla nəzərə çarpır. Bağların və nəhəng çinar və qoz ağaclarının yerində yol boyunca ancaq pöhrələr və kol-kos görünür.

Rusiya Federasiyasının Moskva şəhərində yaşayan azərbaycanlılarının xahişi və sifarişi ilə 8-9 avqust 2005-ci ildə çəkilmiş video ermənilərin doğma torpaqlarımıza, füsunkar təbiətimizə, ekologiyamıza etdikləri dağıdıcı təsir daha dolğunluğu ilə öz əksini tapmışdır.

Seləli, Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Mahruzlu, Alaqurşaq, Xanlıq, Hal, Qəzyan, Diləlir Müskanlı, Saray, Mirlər, Dondarlı, Dəmirçilər, Xudular, Hacılı, Mahmudlu, Xələc, Çardaxlı kəndlərinin və Qubadlı şəhərinin dağılmış, yandırılmış, viran edilmiş, yerlə yeksan olunmuş evlərin yanıq divarları, məhv edilmiş, bağ-bağçaları, kəsilmiş ağacları, viran edilmiş  mədəniyyət və təbiət abidələrinin qalıqları zorla nəzərə çarpır. Həkəri və Bərgüşad çayları sahillərində vaxtı ilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından  əsər-əlamət görünmür. Onları əvəzinə şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar kəndləri örtbastır edib, sahibsizlikdən, xarabazarlıqdan vahiməli bir aləmdən xəbər verir.

Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur.

Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat  məbləğində ziyan dəymişdir.

Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən–obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat  məbləğində ziyan dəymişdir. 

Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər.

Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.

İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Mənbə:

www.eco.gov.az

Çərkəz Qubadlı(Məmmədov) Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra Bakı, “Nurlan”-2007, 48 s.)

Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materialları