İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Laçın

Laçın

Ümumi məlumat

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

Laçın şəhərinin yerini Tağı Şahbazi seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayon kimi yaranma tarixi 08 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2, əhalinin sayı 72,4 min(01.04.2013)nəfərdir. Laçın rayonunda 1 şəhər(Laçın), 1 qəsəbə(Qayğı), 125 kənd vardır. Kəndləri bunlardır – Qarıkaha, Ağbulaq, Ağcakənd, Alxaslı, Arduşlu, Ağcayazı, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Bozlu, Qalaça, Bülündüz, Ayıbasar, Birinci İpək, Cağazur, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Daşlı, Hətəmlər, Kaha,  Narışlar, Vəlibəyli, Əhmədli, Fərraş, Nurəddin, Fətəlipəyə, Ağanus, Ərəb, Turşsu, Unannovu, Güləbird, Hacıxanlı, Birinci Tığik, Qovuşuq, Hacılar, Hoçaz, Avazlar, Mollalar, Uludüz, Budaqdərə, İrçan, Çəmbərəkənd, Xumarta, Kamallı, Çıraqlı, Köhnəkənd, Alıcan, Əyrik, Qışlaq, Kürdhacı, Ərikli, Hacısamlı,  Qarasaqqal, Qarabəyli, Korcabulaq, Lolabağırlı, Qarakeçdi, Katos, Qarıqışlaq, Qılınclı, Soyuqbulaq, Zeyvə,  Qorçu,  Zağaltı, Qoşasu, Alpout, Bülövlük, Qozlu, Fingə, Quşçu, Malxələf, Mazutlu, Məlikpəyə, Malıbəy, Ağoğlan, Hüsülü, Ziyrik, Mığıdərə, Xırmanlar, Dəyhan, Dəyirmanyanı, Baldırğanlı, Tərxanlı,  Minkənd, Mirik, Mişni, Oğuldərə, Ağalaruşağı, Piçənis, Xaçınyalı, Köhnə Çorman, Pircahan, Alıqulu, Qaraçanlı, Seyidlər, Sadınlar, Səfiyan, Xanalılar, Suarası, Türklər, Sonasar, Mayis, Şamkənd, Bozdağan, Çorman, Ələkçi, Nağdalı, İkinci Tığik, Şəlvə, Dambulaq, İmanlar, Təzəkənd, Ərdəşəvi,  Haqnəzər, Vağazin, Bozgüney, Kalafalıq, Zabux, Bəylik,  Qızılca, Sus, Zerti, Ağbulaq, Şeylanlı.

Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir.

Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan Respublikasının işğalı altındadır.

İşğaldan əvvəl: 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. vardı.

Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın bölgəsi ölkələrlə, dövlətlərlə, Azərbaycanın Səfəvilər dövləti ilə, Rusiyanın hətta bir vilayəti ilə müqayisədə çox kiçik sahəyə malik bir bölgədir. Amma, Ulu Yaradan bu bölgəni elə bil özü üçün, özünün mələkləri üçün yaradıb, “eşqinin, məhəbbətinin” coşub-çağlayan vaxtı yaradıb. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, 300-400 il yaşında qırmızı palıd ağacları, qartalları, qurd ürəkli oğulları, oğullara arxa olan –dayaq olan, kişilərin arxasını yerə qoyan qadınları, qızları var Laçının. Bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdir. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da - əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından burada nə istəsən yaradırdılar. Laçının çox keyfiyyətli su mənbələri vardı. Bunlardan 20-dən artıq müalicə əhəmiyyətli bulaqlar idi. Buranın insanları çox-çox qədimlərdən bu mineral bulaqlardan müalicə məqsədi ilə istifadə etmişlər. El arasında möcüzəsinə görə bu sulara – baş suyu, göz suyu, diş suyu, yel suyu, mədə suyu və s. adlar verilmişdi. Bu su mənbələri əsasən bölgənin Minkənd, Molla-Əhmədli, Mirik və s. yaşayış məntəqələrinə yaxın idi və bu bulaqlar üzərində həmişə yeyib-içmək məqsədi ilə abadlıq yaradırdılar. Yay aylarında Qarabağın, Zəngəzurun isti yerlərindən, xüsusən Bakı və Sumqayıtda yaşayan əhali bu yerlərdə istirahət edər, müalicə alardılar.

Mənbə:

Qarabağ Yaddaş kitabı, 2010, MHS- paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları