İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Füzuli

Füzuli

Ümumi məlumat

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Füzuli rayonunun ərazisi 1.39 min km2, əhalisi 121,9 min(01.04.2013)  nəfərdir. Rayonda 2 şəhər(Füzuli, Horadiz), 11 qəsəbə(yeni salınmış 1-11№-li Qayıdış qəsəbələri), 82 kənd vardı. Kəndləri bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli,  Dilağarda, Dördlər, Qobu Dilağarda, Dövlətyarlı, Qərvənd, Zərgər, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Kürdlər, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Əhmədbəyli, Araz Zərgər,  Qarabağ, Murtuzalılar, Gecəgözlü, Üçüncü Mahmudlu, Horadiz,  Dördçinar, Hüngütlü, Kərimbəyli, Aşağı Yağlıvənd, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qacar, Divanalılar, Qaraxanbəyli, Qaraməmmədli, İkinci Mahmudlu, Merdinli, Qarakollu, Gorazıllı, Xatınbulaq,  Qaradağlı, Saracıq, Yuxarı Rəfədinli, Yuxarı Güzlək, Qoçəhmədli, Arış, Mollavəli, Sərdarlı,  Üçbulaq,  Govşatlı, Şıxımlı, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Seyidəhmədli, Birinci Mahmudlu, Mirzəcamallı, Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu, Pirəhmədli, Aşağı Güzlək, Aşağı Rəfədinli,  Mandılı, Musabəyli, Bala Bəhmənli, Qorqan.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Rayonda  65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı, 11 üzüm emalı müəssisəsi və s. vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min ha otlaq sahələri var idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. İşğaldan əvvəl təsərrüfatlarda 17.6 min baş qaramal, 70 min baş qoyun və keçi saxlanılırdı.  Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.

Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.

Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Əməyə bağlılıq, halal zəhmət də füzulilərin həyat tərzi olmuşdur. Bu torpağın yetirməsi Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.

Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır.

Füzuli rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

1994-cü ildə aparılan uğurlu hərbi əməliyyatların sayəsində rayonun 82 yaşayış məntəqəsindən 23-ü azad edilmiş, bu gün 65962 füzulili doğma yurd-yuvalarında yaşayır. 55038 nəfər məcburi köçkün Bakı şəhəri və Respublikamızın 50 şəhər və rayonunda məskunlaşıb. Füzulidə bu gün  ermənilər zəbt etdiyi torpaqlarımızda  ekoloji terrorla yanaşı, rayonun XII əsrə gedib çıxan qəbristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq etmişlər. Qeyd edək ki, Qarabağ savaşında Füzuli rayonundan 1100-dən çox şəhid, 1550 nəfər əlil, 181 nəfər itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibənin əsas ağırlığını Qacar, Divanlılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.

Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 1 şəhər (Horadiz), 11 qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə Dövlət Neft fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə salınmışdır.

Mənbə:

Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS- paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları

www.fuzuli-ih.gov.az