İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ - Azərbaycan

Qarabağ - Azərbaycan

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir. 

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Araz çayıdır  -  Xudafərin körpüsündən Sınıq körpüyə qədər . Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər –  Goran çayıdır  və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəf dən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır"

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki,

1. bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür;

2. digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil.

Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli aran Qarabağ da var. Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ . Özü də həm aran, həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının Vətəni olmuşdur, dilində "qara" və "bağ" sözləri olan xalqın. Azərbaycan xalqının yüzlərlə qədim, nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır. 

Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərliktəpə mədəniyyəti (orta tunc dövrü), Xocalı - Gədəbəy mədəniyyəti  (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq, dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.

Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir, yəni ümumilikdə Qarabağın bir ərazisidir.  Sovet hakimiyyəti dövründə, 1923-cü ilin iyulunda ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Vilayətin tərkibinə Şuşa, Əsgəran rayonu, adları dəyişdirilmiş və ermənicə səsləndirilən Hadrut rayonu , Mardakert rayonu, Martuni rayonu və vilayət tabeli Stepanakert  (bu şəhərin adı Sovet hakimiyyətinin ilk dövrlərinə qədər Xankəndi idi) şəhəri daxil idi.  Dağlıq Qarabağ indiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı Ermənistan Respublikasının işğalı altındadır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir.1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdəndir.

Dağlıq Qarabağ probleminin kökləri 18-ci əsrə qədər uzanır və daha qədimə getmir. Çünki ermənilər Qarabağda İran siyasi elitasının məqsədyönlü fəaliyyəti nəticəsində İran yaylasından və Anadoludan köçürülərək məskunlaşdırılmışlar. Tədricən çoxalan ermənilər ərazi iddiası ilə də çıxış etməyə başlamışlar. Hələ Qarabağ xanlığı  dövründə onlar separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. 1805 ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal olunduqdan  sonra buraya, həmçi­nin İrəvan, Naxçıvan  ərazilərinə ermənilərin köçürülməsi intensivləşmişdir. Hətta Türkmənçay müqaviləsinə (1828 ci il)  bu prosesi rəsmiləşdirən bəndlər də daxil edilmişdir.

İyirminci əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla cıxış etdilər və İran və Rusiyadan güclü dəstək gördülər. 1918 - ci ildə bu məqsədlə Azərbaycanın hər yerində soyqırım törədildi. Məqsəd "Dənizdən Dənizə Böyük Ermənistan" yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim Azərbaycan torpağı- İrəvanın ermənilərə güzəştə gedilməsi (1918 ci ildə) ilə zahirən hər şey həll olunan kimi görünürdü. Sovet hakimiyyəti dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan qopardı. Sovet dönəmində dəfələrlə Qarabağı ermənilərə verməyə çalışsalar da, bu baş tutmamışdır.

Sovet İttifaqı dağılana yaxın artıq ermənilər Qarabağda silahlandırılmışdı və 1988 - ci ildən  aktiv hərbi əməliyyatlara başladılar. Hərbi əməliyyatlar 1994 - cü ildə atəşkəslə dayandırıldı və Dağlıq Qarabağ və ona qonşu digər Azərbaycanın 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan tərəfindən işğal edildi. Dağlıq Qarabağda separatçı rejim 1991 - ci  ildə müstəqillik elan etmişdir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu «müstəqillik» indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmamışdır.

 

Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayəti

  • Ərazi – 4400 kv.km
  • Əhali (1989 - cu il ) – 189 085
  • Ermənilər – 145 450 (76,9%)
  • Azərbaycanlılar – 40 688 (21,5%)
  • Ruslar – 1922 (1%)
  • Digərləri – 1025 (0,6%)


Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal tarixi

  • Dağlıq Qarabağ – 1988-1992 ( o cümlədən Şuşa  –  May 08,1992)
  • Laçın – May 18, 1992
  • Kəlbəcər – Aprel 2, 1993
  • Ağdam – İyul 23, 1993
  • Füzuli – Avqust 23, 1993
  • Cəbrayıl – Avqust 23, 1993
  • Qubadlı – Avqust 31, 1993
  • Zəngilan – Oktyabr 29, 1993

Azərbaycan üzrə təcavüzün qurbanları

  • Ölənlər – 20000
  • Şikəstlər – 50000
  • İtkinlər – 4866 

Dağıntılar və zərərlər

  • Şəhər, kənd, qəsəbə – 890
  • Evlər – 102 000
  • İctimai binalar – 7000
  • Məktəblər – 693
  • Uşaq bağçaları – 855
  • Səhiyyə müəssisələri – 695
  • Kitabxanalar – 927
  • Məbədlər – 44
  • Məscidlər – 9
  • Tarixi yerlər – 9
  • Tarixi abidə və muzeylər – 464
  • Sənaye və kənd təsərrüfatı müəssisələri – 6000
  • Avtomobil yolları – 800 km
  • Körpülər – 160
  • Su kəmərləri – 2300 km
  • Qaz kəmərləri 2000 km
  • Elektrik xətləri – 15 000 km
  • Meşələr – 250 000 ha
  • Əkin sahəsi – 200 000 ha
  • Suvarma sistemləri – 1200 km

www.virtualkarabakh.az