İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İstanbulda "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının koordinatorlarının toplantısı keçirilib

İstanbulda

11.10.2014

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun İstanbulda keçirilən II Baş Assambleyası çərçivəsində Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının növbəti təqdimat mərasimi və milli koordinatorlarının toplantısı keçirilib.

Gənclər Forumundan Trend-ə verilən məlumata görə, “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının Baş Assambleyada iştirak edən müxtəlif ölkələrdən gəlmiş milli koordinatorlarının iştirakı ilə Baş Assambleya iştirakçıları və İƏT-in müxtəlif üzv ölkələrini təmsil edən təşkilatların üzvləri üçün kampaniya haqqında geniş təqdimat mərasimi təşkil olunub. Mərasimdə əvvəlcə “Xocalıya Ədalət” kampaniyası haqqında informativ film nümayiş olunub, filmdən sonra ötən illər ərzində kampaniyanın fəaliyyətlərini əks etdirən geniş təqdimat keçirilib.

Təqdimat zamanı İƏT Gənclər Forumunun Beynəlxalq Ədalətə Çağırış layihələri, bu layihələrin dünyada müsəlmanlara qarşı baş vermiş, insanlığa zidd cinayətlər haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması, hüquqi qiymət verilməsi sahəsində əhəmiyyətindən danışılıb, “Xocalıya Ədalət” kampaniyası zamanı əldə edilən uğurların bu baxımdan önəm daşıdığı qeyd olunub.

Tədbirdə çıxış edən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının koordinatorları öz ölkələrində bu kampaniya çərçivəsində həyata keçirdikləri işlərdən, təcrübələrindən danışıb, kampaniyanın İslam həmrəyliyi baxımından əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

Daha sonra “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorları Baş Assambleyada iştirak edən nümayəndə heyətlərinə müraciət edərək, onları kampaniyaya qoşulmağa və öz ölkələrində bu kampaniya çərçivəsində Xocalı qətliamı haqqında məlumatların daha geniş çatdırılmasına və hüquqi qiymət verilməsi istiqamətində birgə fəaliyyət göstərməyə çağırıblar.

Tədbirdə iştirak edən Baş Assambleya iştirakçıları bu çağırışa müsbət yanaşaraq hər biri öz ölkəsində “Xocalıya Ədalət” kampaniyasının milli koordinatorluqlarının yaradılması və fəaliyyətlərinin əlaqələndirməsi haqqında ümumi qərar qəbul ediblər. Kampaniyanın işinin daha uğurlu təşkili məqsədi ilə əlaqlələndirmə işinin qurulması ilə bağlı qısa seminar da keçirilib.

“Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Şuşanın işğalı günü - 8 may 2008-ci ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.