İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi” layihəsi yekunlaşdı

“Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi” layihəsi yekunlaşdı

16.10.2014

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı  Azərbaycan Respubilkasının Prezidenti yanında  Gənclər Fondunun (AzGF) maliyyə dəstəyilə həyata keçirdiyi “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi” layihəsinə yekun vurmuşdur.

Layihə çərçivəsində Goranboy rayonu ərazisində fəaliyyət göstərən Xocalı, Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən  Ağdam, Ağcəbədi rayonu Taxta körpü qəsəbəsində  fəaliyyət göstərən   Laçın məcburi köçkün tam orta məktəblərində layihə uğurla icra edilmiş, qarşıya qoyulan məqsəd layiqincə yerinə yetirilmişdir.

Bakı və Mingəçevir şəhərində məskunlaşmış, bütün işğal olunmuş bölgələri təmsil edən 44 nəfər şagirdin iştirakı ilə həyata keçirilən layihənin məqsədi respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi doğulub-böyüyən uşaqların bir-birlərini tanıması, ünsiyyət qurması, unutqanlığın və yadlaşmanın qarşısını almaqdan ibarətdir.

Hər 3 rayonda keçirilən tədbirləri Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Gənclər Fondunun fəaliyyəti, gənclər təşkilatlarının və fərdi gənclərin layihələrinin maliyyəşməsində göstərdiyi dəstək haqqında məlumat verdi. V. Qədirov “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi ” mövzusunda həyata keçrilən layihənin icrası zamanı yaşanan duyğusal anların məktəblilərin həyatlarında və bundan sonrakı fəaliyyətlərində, tədrislərində xüsusi rola malik olacağını bildirdi.

V.Qədirov “Burada elə şagirdlər bir-birləri ilə tanış oldular ki, onların valideyinləri vaxtilə bir kənddə yaşamış, eyni məktəbdə təhsil almış, bir parta arxasında əyləşmişlər.  Bunun nə qədər çətin və bizim ürəyimizdə nə qədər  məsuliyyətli bir yük olduğunu dərindən dərk etməliyik”- deyə qeyd etdi.

V. Qədirov böyüməkdə olan nəslin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyası, Möhtərəm Prezidentimiz İlham Əliyevin vətənpərvər siyasətilə tərbiyə olunduğunu qeyd edərək tezliklə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağını, eyni rayondan, eyni şəhərdən, kənddən olan, eyni məktəbdə təhsil almaq hüququ pozulan şagirdlərin tezliklə öz doğma yurd-yuvalarında təhsillərini davam edəcəklərinə əmin olduğunu bildirdi.

Keçirilən tədbirlərdə Xocalı, Ağdam, Laçın rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Gənclər və idman idarələrinin rəisləri, məktəb direktorları və şagirdlər iştirak etmişdir.