İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Artur Rasizadə: “Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə alternativ yoxdur”

Artur Rasizadə: “Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə alternativ yoxdur”

17.10.2014

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Əfqanıstanın nəqliyyat nazirlərinin, habelə Ukrayna, Belarus, Litva, Xorvatiya, Qazaxıstan və digər ölkələrin müvafiq qurumlarının rəhbərlərinin iştirak etdikləri görüşdə A. Rasizadə son illər respublikamızın əldə etdiyi iqtisadi uğurlardan danışıb, ölkəmizin təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrin, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin bir çox ölkələrin iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayıb.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin ümumən regionun geosiyasi xəritəsində oynadığı mühüm rola toxunan baş nazir qonaqların diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib. A. Rasizadə Ermənistanın təcavüzkar niyyətlərinin regional əməkdaşlıq və birgə layihələrin icrası üçün maneə olduğunu bildirərək münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulayıb.

Görüşdə çıxış edən qonaqlar regional əməkdaşlığın inkişafı və nəqliyyat infrastrukturunun yenilənməsi baxımından Bakı konfransının xüsusi əhəmiyyətini qeyd edərək, Bakı-Tiflis-Qars dəmir yolu layihəsini dəstəklədiklərini, bu layihənin Avrasiya məkanında sərnişin və yük axınının sürətli, təhlükəsiz hərəkətini təmin edəcəyini, dəmir yolu şəbəkələri ilə səmərəli inteqrasiya üçün əhəmiyyətli olacağını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.