İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən gözləntilərini açıqlayıblar

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən gözləntilərini açıqlayıblar

24.10.2014

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyirlər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, ATƏT-in mətbuat xidmətindən bildirilib.

ATƏT-in mətbuat xidmətinin Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri adından verdiyi açıqlamada qeyd olunur ki, həmsədrlər prezidentlərin Soçi və Uelsdə baş tutmuş görüşlərinin tərəflər arasında “ünsiyyət kanalı” yaratdığını hesab edirlər: “Biz prezidentlərin Paris görüşündə sülh sazişinin əsas məqamlarının ciddi şəkildə müzakirəsini gözləyirik. Həmçinin ümid edirik ki, prezidentlər qarşılıqlı etimad və şəffaflıq yaratmağa hesablanan tədbirlər ətrafında razılığa gələcəklər. Həmsədrlər bu istiqamətdə bacardıqları köməyi göstərməyə hazırdırlar”.

“Həmsədrlər hesab edirlər ki, Minsk Qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq”, - deyə açıqlamada bildirilir.

Açıqlamada o da qeyd olunur ki, həmsədrlər Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının münaqişənin həlli prosesinə təsir etməyəcəyi fikrindədirlər: “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi iradəsindən asılıdır, hansısa müqavilə və ya alyansa qoşulmaqdan yox... Həmsədrlər ümid edir ki, son təmaslardan sonra, tərəflər özlərini sülhə kökləyə biləcəklər”.

Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində 27 oktyabr tarixinə məhkəmə təyin etməsi xəbərinə isə həmsədrlər şərh vermək istəməyiblər.