İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bakı və Yerevan müharibə zamanı itkin düşənlər barədə məlumatların mübadiləsi haqqında razılıq əldə ediblər

Bakı və Yerevan müharibə zamanı itkin düşənlər barədə məlumatların mübadiləsi haqqında razılıq əldə ediblər

28.10.2014

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa Prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Trend xəbər verir ki, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.

Məlumatda deyilir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub".

Xatırladılır ki, may ayında Olland Cənubi Qafqaza səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini davam etdirməyə sadiqliyini təsdiqləyib. Olland iki tərəf arasında qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.

Məlumatda bildirilir ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident, həmçinin status-kvonun yolverilməz olduğunu da vurğulayıb.

O, Azərbaycan və Ermənistan prezidentlərini fikirayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıb.

Sayt xəbər verir ki, münaqişəni “ölü nöqtə”dən tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib.

Məlumatda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Məlumata görə, naharda Prezident Olland və qonaqlar Qafqaz regionunun inkişafı və onun Fransa ilə münasibətlərini müzakirə ediblər.