İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan müraciətlərin nəticə verməməsindən narahatdır

Azərbaycan müraciətlərin nəticə verməməsindən narahatdır

08.11.2014

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 7-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanan görüşdə eyni zamanda bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb ki, bütün bunlar da istər bu qurumun ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Elə bütün bunlara görədir ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir.

Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılıb, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin üzərində qurulan "məhkəmə prosesi"ndən, onların azad edilməsi istiqamətində beynəlxalq qurumlara ünvanlanan müraciətlərin hələlik heç bir nəticə verməməsindən narahatlıq ifadə olunub.