İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İranlı nazir: Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır

İranlı nazir: Azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır

08.11.2014

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının rabitə və kommunikasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hər iki ölkənin prezidentlərinin görüşlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malik olduğu qeyd olunaraq, Azərbaycan və İran arasında olan əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

E.Məmmədyarov iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin inkişafının vacibliyini qeyd edərək, Azərbaycan və İran arasında olan dostluq və tərəfdaşlığın regional sülhə və tərəqqiyə xidmət etdiyini deyib.

M.Vaezi ölkəsinin qonşu dövlət olaraq Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərinin əlaqələrimizin inkişafına xüsusi təkan verdiyini deyib.

Regional məsələlər ətrafında aparılan fikir mübadiləsi əsnasında E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünün regionun inkişafı üçün əsas təhdid mənbəyi olduğunu bildirib. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor tətbiq edərək dəyişdirilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu deyən nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

İranın rabitə və kommunikasiya texnologiyaları naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalı olduğunu bildirib.

Görüş əsnasında hökumətlərarası müştərək komissiya çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.