İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil

Novruz Məmmədov: Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil

15.11.2014

Helikopterin vurulması zamanı həlak olanlar da insan idilər, əsgər idilər. Onlar sadəcə Ermənistan rəhbərlərinin avantürist təcavüzkar siyasətinin qurbanlarıdırlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.

PA rəsmisinin sözlərinə görə, sadəcə olaraq Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil.

N.Məmmədov deyib ki, burada çox böyük mürəkkəb proseslər gedir: "Birincisi, bu bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir aktivləşmə müşahidə olunub. Yəni uzun müddət fasilədən sonra beynəlxalq birlik, xüsusilə də həmsədr dövlətlər və onların rəhbərləri bu münaqişənin həllinə diqqəti artırmaq qərarını verdilər və bu istiqamətdə müəyyən addımlar atıldı. Azərbaycan Prezidenti Rusiya Prezidentinin təşəbbüsü ilə və onun iştirakı ilə Soçidə Ermənistan Prezidenti ilə görüşdü. Bu, münaqişənin həlli istiqamətində atılan bir addım idi. Bundan sonra belə bir görüş ABŞ dövlət katibinin iştirakı və təşəbbüsü ilə keçirildi və iki ölkənin rəhbərləri arasında danışıqlar aparıldı. Nəhayət, bir qədər bundan əvvəl belə bir təşəbbüslə Fransa Prezidenti çıxış etdi, Paris görüşü keçirildi. Görüşdə münaqişənin həlli ilə bağlı proseslərə bir baxış oldu, fikir mübadiləsi aparıldı".

O, təəssüflə qeyd edib ki, bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla olursa-olsun, indiki status-kvonu qoruyub saxlamağa çalışır və bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır.

N.Məmmədov bildirib ki, Ermənistan dəfələrlə bu cür addımlar atıb, bu, yeni bir şey deyil.

PA rəsmisinin sözlərinə görə, Kazan görüşü zamanı Ermənistan Prezidenti "dəyirmi masa" arxasında Rusiya Prezidentinə razılıq verdi ki, danışıqlarla bağlı kiçik bir mətn yazılsın. Mətndə qeyd edilsin ki, danışıqlar gərgin keçdi, müzakirələr aparıldı, bir nəticə əldə olunmasa da, danışıqlar davam etdiriləcək: "Belə bir rəsmi bəyanat yayıldı. Lakin yarım saat sonra Ermənistan tərəfi Azərbaycanın münaqişənin həllində maraqlı olmadığını bildirən bəyanatlarla çıxış etdi. Məqsəd bütün dünyaya Azərbaycanın guya qeyri-konstruktiv mövqe tutduğunu göstərmək idi. Belə hallar çox olub. Son Soçi görüşündən əvvəl cəbhə bölgəsində hərbi əməliyyatlar oldu və cavablarını da aldılar. Və nəhayət, Fransa görüşü keçirildi, düzdür, orada nəzərəçarpacaq irəliləyiş olmadı, amma geniş danışıqlar aparıldı. Bu görüşdən sonra Ermənistan rəhbərləri bəyanatlar verdilər ki, görüşdən razı qalıblar. Amma 5-10 gündən sonra yenə də təxribat xarakterli əməllərlə Azərbaycanı elə bir vəziyyətə salmağa çalışdılar ki, guya Azərbaycan danışıqlar prosesini pozur. Bunun üçün də hərbi təlimlərlə bağlı qərar qəbul etdilər. Hansı hüquqla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirə bilər? Hansı hüquqla qondarma "Dağlıq Qarabağ rejimi" bunu edə bilər? Onlar istədilər ki, Azərbaycanı təxribata çəksinlər və hər şeyi Azərbaycanın üstünə atsınlar. Onlar reallıq hissini o qədər itiriblər ki, Qarabağda, Azərbaycanın Ağdam rayonunda, təmas xəttinin üzərində hücum xarakterli uçuşlar həyata keçirirlər. Özü də bu uçuşlar bir dəfə deyil, bir neçə dəfə təkrarlanıb. Əlbəttə ki, bu cür hərəkətlərdən sonra o helikopter vurulmalı idi. Onların hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna məhəl qoymamaq özünə, daha doğrusu, kimlərəsə arxalanmaqdır. Onlar paylarını aldılar və bilsinlər ki, onların bütün addımlarına qarşı Azərbaycan hər cür cavab verməyə hazırdır".

N.Məmmədov qeyd edib ki, bir sıra ölkələr və qurumlar bu hadisə ilə bağlı yalan məlumatlar yaymağa başladılar və xəbərləri müxtəlif formalarda verdilər: "Hətta "Euronews" kanalı müxtəlif dillərdə gedən verilişlərdə məlumatı bəzilərində normal, bəzilərində isə dəyişik şəkildə yayımladı. Görəsən, buradan məqsəd nə idi? Bir sıra ölkələr - özlərini beynəlxalq hüququn keşikçisi kimi göstərənlər niyə bununla bağlı mövqe bildirmirlər? ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı gedən proseslərdə beynəlxalq hüququn təmsilçiləri olmalıdırlar. Qoy bunu nümayiş etdirsinlər və desinlər, görək, Ermənistanın Azərbaycan ərazisində hərbi təlim keçirmək hüququ vardımı? Yoxsa düşünürlər ki, Ermənistanın keçirdiyi hərbi təlimlər Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə, ərazi bütövlüyünə təminat verir? Bax, bu ədalətsizlikdir. Mən əlbəttə ki, dost ölkələrin də bununla bağlı mövqeyinin olmasını gözləyirdim”.

Türkiyənin bu məsələlərlə bağlı rəsmi mövqeyini bildirməməsinə toxunan N.Məmmədov deyib ki, şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir: "Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var".

PA rəsmisi deyib ki, bütün Avropa ölkələrinin bu işlərlə məşğul olan qurumları bilirlər ki, Ermənistan haqsızdır. Ermənistan beynəlxalq hüququ pozub: "İndi bilmirəm, buna qərəzlilik deyim, ədalətsizlik deyim, yoxsa beynəlxalq hüququn ayaq altına atılması deyim. Bu, bir bəladır. Bu gün baş verən bütün hadisələr elə-belə hadisələr deyil. Görürsünüz, dünyada nələr baş verir? Dünya heç vaxt indiki kimi narahat olmayıb. Dünyada heç vaxt indiki qədər böhranlı vəziyyət olmayıb. Dünyada heç vaxt indiki qədər münaqişə ocağı olmayıb. Bunlar hamısı öz başına yaranmayıb ki".

Onun sözlərinə görə, beynəlxalq hüquqa etinasız yanaşan, məhəl qoymayan, onu saymayan, kobud şəkildə pozan da və buna şərait yaradan, imkan verən də əslində dünyanın aparıcı dövlətləridir: "Kiçik dövlətlərin beynəlxalq hüququ pozaraq bu cür şey etməyə cürəti çatmaz. Beynəlxalq birlik - BMT-dən tutmuş həmsədrlərə, Minsk qrupuna qədər - ilk münaqişələrdən biri olan Dağlıq Qarabağla bağlı elə ilk günlərdən ədalətli mövqe tutub bu münaqişəni həll etsəydi, digər münaqişələr də sonradan belə gərgin şəkil almazdı. Bu gün dünyada baş verən hadisələrin bu cür gərginləşməsinin səbəblərindən biri də budur".