İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəsmi Bakı: Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub

Rəsmi Bakı: Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub

19.11.2014

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən açıqlaması bir daha onu göstərir ki, Ermənistanın xarici siyasəti sağlam məntiq, əsas və dəlildən məhrumdur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın 19 noyabr tarixində söylədiklərinə şərh verərkən bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistan xarici işlər nazirinin müavininə xatırlatmaq lazımdır ki, orta əsrlərə aid feodal təfəkkürü ilə Ermənistan tərəfindən qonşu dövlətin - Azərbaycan Respublikasının ərazisi işğal edilib, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə həyata keçirilib. Ermənistan ATƏT üzvü olan yeganə dövlətdir ki, 1975-ci il Helsinki Yekun Aktına tam şəkildə zidd olaraq, güc tətbiq etmək və təcavüz yolu ilə digər ATƏT üzv dövlətinin ərazisini işğal edib. Bu cür davranış beynəlxalq hüquqa, BMT nizamnaməsinə və dövlətlər arasında sivil davranış qaydalarına tamamilə ziddir".

XİN rəsmisi bildirib ki, cəbhə xəttində baş vermiş son gərginlik Ermənistanın Azərbaycana davam edən təcavüz və işğalının növbəti sübutudur: "Bu halda da Ermənistan tərəfindən güc tətbiq edilib və güc tətbiq edərək hədələmək aktı həyata keçirilib".

Onun sözlərinə görə, Ermənistanın terrorizmi dəstəkləyən dövlət olması əməliyyat-istintaq yolu ilə tam şəkildə sübut olunub: "Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə inteqrasiya olunan ASALA terror təşkilatını, “arabo” və “aramo” terror qruplaşmalarını xatırlatmaq kifayətdir".

H.Hacıyev qeyd edib ki, Ermənistanın yürütdüyü işğalçı və təcavüzkar siyasət regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir: "Azərbaycana qarşı işğal və təcavüz əməllərinə görə Ermənistan dövləti BMT nizamnaməsi və beynəlxalq hüquqa uyğun olaraq tam məsuliyyət daşıyır".