İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək

05.12.2014

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcək. Trend xəbər verir ki, bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çoxdankı, mürəkkəb prosesdir: "Bu prosesdə yanaşmalar dəyişib və biz artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə qeydə alınmış prinsiplərin - ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət - praktiki yerinə yetirilməsi üzrə danışıqlara başlamaq mümkün olsun deyə, bu yanaşmaları ortaq məxrəcə gətirmək üçün çalışırıq".

S.Lavrov qeyd edib ki, bu, çox çətin prosesdir, lakin davam etdiriləcək: "Əminəm ki, biz və ABŞ, Fransadan olan tərəfdaşlarımız ümumi məqbul razılığa gəlmək üçün yenə də Azərbaycan və Ermənistana kömək edəcəyik".

Nazir əlavə edib ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmsədrlər birgə bəyanat yaydılar: "Bəyanatda onlar münaqişənin həlli yolunu tapmaq üçün tərəflərə kömək göstərmək qətiyyətlərini təsdiq etdilər".

Onun sözlərinə görə, Rusiyanın bir planı var - onların razılığa gəlməsi üçün tərəfləri hər cür stimullaşdırmaq: "Çünki münaqişələri yalnız onlara cəlb olunan və iştirak edənlər nizamlaya bilərlər. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, Dnestryanı münaqişəyə və Ukrayna böhranına da aiddir".

Nazir vurğulayıb: "Tərəflər nə barədəsə razılığa gələndə kənar tərəflər onları danışıqlar masası arxasında ehtiyatla saxlamalıdırlar. Bunun yerinə isə 2003-cü ildə Dnestryanı münaqişənin nizamlanması zamanı olduğu kimi təxribata əl atmağa çalışmamalıdırlar. Dnestryanı rəhbərləri və Moldova Prezidentinin parafladığı sənəd - nizamlama sənədi - imzalanmadı. Çünki imzalanma günü ərəfəsində Aİ-nin xarici siyasi strukturlarının rəhbərliyi Moldova Prezidentindən sənədi imzalamamağı tələb etdi. Həmin vaxtdan bu məsələyə görə əziyyət çəkirik".

S.Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında eniş və yüksəlişlər olub, hətta nizamlanmanın özünün konsepsiyası dəyişib: "Lakin bu, həmişə tərəflərin razılaşdırılması əsasında olub. Minsk qrupunun həmsədrləri isə hər cür kömək göstərməyə çalışırlar".

XİN rəhbəri bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə üç həmsədr beynəlxalq vasitəçilik nümunəsidir, 5+2 formatında isə bir çox "sualtı daşlar", hansısa vasitəçilər, müşahidəçilər var ki, onlar öz ideyalarını irəli sürürlər: "Dağlıq Qarabağ münaqişəsi üzrə isə çox yaxşı yoldaşlıq koordinasiyası var və bu, prosesi danışıqlar məcrasında saxlamağa imkan verir. Ümid edirəm ki, nəticələrin olacağı vaxt uzaqda deyil".