İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir

Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir

14.12.2014

Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dekabrın 12-də mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan xarici işlər nazirinin mahiyyətsiz açıqlamaları Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir: "Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır".

XİN rəsmisi bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır.

H.Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür. Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir: "Münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil edir. Münaqişənin sülh yolu həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".