İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Vəziyyət bu cür davam edə bilməz, Azərbaycanın səbri tükənməz deyil

Əli Həsənov: Vəziyyət bu cür davam edə bilməz, Azərbaycanın səbri tükənməz deyil

16.12.2014

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bord İvar Svendseni qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Ə.Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.

Baş nazirin müavini qarşılıqlı fikir mübadiləsi zamanı bir sıra sahələrlə yanaşı, səfirin ölkəmizə yeni təyin olunmasını nəzərə alaraq ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin istər münaqişənin, istərsə də ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.

Ermənistanın Azərbaycan qarşı zaman-zaman ərazi iddiasında olduğunu diqqətə çatdıran Ə.Həsənov işğalçı ölkənin artıq neçə illərdir ki, münaqişənin həllində göstərdiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibətindən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından təəssüfləndiyini bildirərək qeyd edib ki, vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil.

Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan Baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğı və diqqətinin nəticəsidir ki, bu təbəqədən olan soydaşlarımız artıq dövlətin tam himayəsindədir və onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilib, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülüb.

Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımızın ağır şəraitdə yaşadığını, onların da doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdirildiyini vurğulayan Ə.Həsənov bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirib.

Ətraflı məlumata görə minnətdarlığını bildirən norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə də baş çəkəcəyini bildirib, Azərbaycana hər gəlişində ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu dilə gətirib, fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə edib.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.