İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır

Sloveniya Milli Şurası: Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır

22.12.2014

Sloveniya Respublikasının Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsü məsələsini müzakirə edib və 24-cü plenar iclasında Şuranın prosedur qaydalarının 98-ci maddəsinə uyğun olaraq qərar qəbul edib.

AzərTAc xəbər verir ki, qərarda Sloveniya Respublikasının Milli Şurası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə diqqətin artırılmasına çağırır. Şura beynəlxalq təşkilatların regionda sülh və sabitliyi bərqərar etməklə bağlı təşəbbüslərini dəstəkləyir.

Qərarda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə əsaslanmalıdır. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtmalarını tələb edir.

Qərarda xatırlanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduğu Minsk qrupu vasitəçilik edir. Avropa İttifaqı Minsk qrupunun münaqişənin sülh yolu ilə və davamlı həlli istiqamətində fəaliyyətini dəstəkləyir.

Milli Şura Sloveniya hökumətini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək təşəbbüsünü dəstəkləməyə çağırır.