İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BBC Dağlıq Qarabağ münaqişəsi haqqında süjet yayımlayıb

BBC Dağlıq Qarabağ münaqişəsi haqqında süjet yayımlayıb

07.01.2015

BBC beynəlxalq media şirkəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında videoreportaj yayımlayıb.

Trend xəbər verir ki, süjetdə münaqişə zonasında yaşayan Azərbaycan ailəsi göstərilib. Ailə başçısı danışır ki, onun bütün ailə üzvləri bir kiçik otaqda yerləşməyə məcburdurlar, çünki ev ermənilər tərəfindən daim atəşə tutulduğundan ikinci mərtəbəyə qalxmaq təhlükəlidir.

Materialda deyilir ki, qoşunların təmas xətti boyunca bir çox kəndlərin sakinlərinin evləri daim düşmən atəşinə məruz qalır.

BBC həmçinin bildirir ki, keçən əsrin 90-cı illərinin əvvəlində Qarabağ müharibəsi zamanı 30 min insan öldürülüb. Habelə qeyd edilir ki, Ermənistanla müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib, yüz minlərlə insan məcburi köçkünə çevrilib.

Süjetdə deyilir ki, aşağı sinif şagirdləri də Ermənistan tərəfindən işğal edilmiş bütün rayonların adlarını əzbər bilirlər və torpaqların mütləq sülh və ya müharibə yolu ilə qaytarılacağına inanırlar.

Bildirilir ki, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalandığı vaxtdan münaqişənin nizamlanmasında çox az irəliləyiş əldə olunub. Eləcə də qeyd edilir ki, dünyada bu münaqişənin "dondurulmuş" adlandırılmasına baxmayaraq, qoşunların təmas xəttində yaşayan minlərlə insan üçün heç də belə deyil və onlar üçün atəş altında həyat gündəlik reallıqdır. BBC bildirir ki, son bir il ərzində münaqişə zonasında, xüsusilə Azərbaycan tərəfinin Dağlıq Qarabağ üzərində Ermənistan hərbi helikopterini vurub saldığı dövrdə gərginlik artıb.

Azərbaycan XİN-nn mətbuat xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Hikmət Hacıyev BBC-yə müsahibəsində ermənilərə məxsus helikopterin Azərbaycan qoşunlarına hücum etməsi və ona görə də vurulub salınması barədə danışıb. O qeyd edib ki, Ermənistan daim Azərbaycana qarşı təxribatlar törədir və bu hərəkətlərdə məqsəd danışıqlar prosesinin pozmaqdır.

Materialda eləcə də qeyd edilir ki, Azərbaycan öz hərbi gücünü artırmaq üçün milyardlarla dollar xərcləyir.