İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan səfiri "Guardian"-a cavab verdi

Azərbaycan səfiri

15.01.2015

Britaniyanın "Guardian" qəzeti öz səhifələrində Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetin redaksiyasına göndərdiyi məktubu dərc edib.

Trend xəbər verir ki, səfir məktubda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın qəzetin saytında yerləşdirilmiş 2015-ci ilin ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil edilməsi ilə bağlı narazılığını bildirib.

Məktubda qeyd edilir ki, qəzetin Dağlıq Qarabağı 2015-ci ilin ən əyləncəli turizm mövsümü üçün ən yaxşı istiqamətlərin siyahısına daxil etməsi Azərbaycan xalqına qarşı çox böyük hörmətsizliyin təzahürüdür.

Səfir bildirib: "Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”.

Məktubda deyilir ki, qəzetdə Ermənistanın işğal etdiyi 2015-ci ilin ən yaxşı turizm istiqamətlərinin siyahısına Dağlıq Qarabağın əlavə edilməsi təcavüzkarı başqa dövlətin ərazisinin sonrakı işğalına həvəsləndirir və yüzlərlə, minlərlə qaçqının və məcburi köçkünün faciəsinə qətiyyən məhəl qoymadığını göstərir.

Tağızadənin yazdığı kimi, bu, işğalı qanuniləşdirməyə cəhd edən separatçı rejimə sərf edir: "The Guardian"-ın bu yaxınlarda postsovet məkanındakı separatçı rejimlərə münasibəti məmnunluq doğurur, lakin istərdik ki, qəzet bu mövqeyini Azərbaycanla bağlı da qoruyub saxlasın".

Məktubda deyilir: "Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın ona bitişik işğal edilmiş rayonlarına istənilən turizm səfərlərinin yolverilməz olduğunu bildirir. Qəzet Dağlıq Qarabağı "turizm istiqaməti" kimi təbliğ edərək ictimaiyyəti yanıldır və ola bilsin ki, bununla onların həyatlarını təhlükə altına qoyur. Bundan başqa, işğal edilmiş Dağlıq Qarabağa baş çəkməyə cəhd edənlər gələcəkdə Azərbaycanın başqa rayonlarına səfər edə bilməyəcəklər".