İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Vaqif Dərgahlı: Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir

Vaqif Dərgahlı: Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir

04.02.2015

Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə Ermənistan olmalıdır. Bunu Trend-in sorğusunu cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Erməni tərəfinin Azərbaycanın cəbhə xəttinə yaxın ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirməsinin guya beynəlxalq öhdəliklərə uyğun olmadığına dair fikirlərinə münasibət bildirən Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin qınağına səbəb ola biləcək hər hansı addım atmayıb: “Azərbaycan öz sərhədləri çərçivəsində, öz ərazisində bütün qoşun növlərinin cəlb olunması ilə Silahlı Qüvvələrinin irimiqyaslı əməliyyat-taktiki təlimlərini keçirir. Beynəlxalq qurumlar Azərbaycana qarşı nə tətbiq edə bilərlər? Biz bu məsələdə beynəlxalq ictimaiyyətdən bizə qarşı ola biləcək hər hansı addımı gözləmirik”.

V.Dərgahlı hesab edir ki, əslində beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlərə reaksiya verməli, onlara qarşı ciddi tədbirlər görməli, Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər: “Ermənistan hərbi təlimlərini işğal etdiyi torpaqlarda keçirir. Buna isə beynəlxalq qurumlar göz yumur, reaksiya vermirlər. Düşmən Azərbaycana məxsus ərazilərdə özü də irimiqyaslı hərbi təlimlər təşkil edir. Ötən ilin noyabr ayında bunun bir daha şahidi olduq. Həmin təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edən Ermənistan SQ-yə məxsus hərbi helikopterin məhv edildiyi də heç kimin yadından çıxmayıb”.

Qeyd edək ki, erməni politoloqları və analitiklərinə istinad edən Ermənistan KİV-ləri qeyd edirlər ki, Azərbaycanın fevralın 2-dən etibarən cəbhə xəttinə yaxın ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirməsi Avropada Adi Silahlara Dair Müqaviləyə (CFE) və “Vyana sənədi”nə ziddir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.