İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Tomsk Universitetinin rəhbərliyi aspirantların Dağlıq Qarabağa səfərindən təəssüflənir

Tomsk Universitetinin rəhbərliyi aspirantların Dağlıq Qarabağa səfərindən təəssüflənir

09.02.2015

Trend:

Rusiyanın Tomsk Dövlət Universitetinin rəhbərliyi ali məktəbin magistr və aspirantlarının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz səfər etmələrindən təəssüflənir. Bunu bazar ertəsi Trend-ə universitetin prorektoru Artyom Rekun deyib.

Onun sözlərinə görə, Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyıb və ali məktəbin rəhbərliyi ilə razılaşdırılmayıb: "Universitet rəhbərliyi təəssüf edir ki, magistr və aspirantlar Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməklə heç də diplomatik davranmayıblar".

Prorektor qeyd edib ki, magistr və aspirantlar Yerevan Dövlət Universiteti ilə əməkdaşlıq layihəsi çərçivəsində fevralın 7-də Yerevanda olublar: "Dağlıq Qarabağa getmək səfər proqramına daxil olmayıb. Qrup niyyətini ali məktəb rəhbərliyinə bildirmədən bu ərazilərə baş çəkib. Etiraf edirəm ki, prinsipcə diplomatik cəhətdən hazırlıqlı olmalı olan tələbələrimiz heç də diplomatik davranmayıblar. Tələbələr Dağlıq Qarabağa səfər niyyətlərini universitet rəhbərliyinə bildirsəydilər, şübhəsiz ki, onları bu fikirdən daşındırardıq".

Universitet rəhbərliyi Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğuna vəziyyətin izah edildiyi rəsmi məktub göndərəcək.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tomsk Dövlət Universitetinin magistr və aspirantlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini şərh edərkən Trend-ə bildirib ki, həmin universitetin magistr və aspirantlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Altay diyarı, Tomsk vilayəti və Altay Respublikası üzrə nümayəndəliyinə nota ilə müraciət edib.

Onun sözlərinə görə, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu Sultan Qasımov sözügedən məsələni Tomsk vilayətinin qubernatorunun aparatı və Tomsk şəhər meri Klyayn İvan Qriqoryeviçlə müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb: "Tomsk Dövlət Universitetinin rektoru Qalanjinskiy Eduard Vladimiroviç Azərbaycanın Yekaterinburqdakı Baş konsulu Sultan Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib və universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib".