İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İndoneziya işğalçılıq siyasətinə görə Ermənistana sanksiya tətbiq edə bilər

İndoneziya işğalçılıq siyasətinə görə Ermənistana sanksiya tətbiq edə bilər

20.02.2015

Trend:

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziyanın Xalq Məşvərət Şurasının sədr müavini Hidayət Nur Vahid ilə Parlamentdəki ofisində görüş keçirib.

Səfirlikdən Trend-ə bildiriblər ki, T.Qarayev İslam Ölkələri Parlament İttifaqının Xocalı soyqırımının tanınmasına dair 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnaməni, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməsinə dair 2014-cü ildə Ciddədə qəbul etdiyi qətnaməni qarşı tərəfə xatırladıb.

Söhbətə davam edən T.Qarayev, həmçinin 2013-cü ildə İndoneziya Nümayəndələr Palatasının sabiq sədri Marzuki Əlinin çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdirdiyi müddət ərzində bu ölkədə İndoneziya səfirliyinin, eləcə də İndoneziyada Ermənistan səfirliyinin açılmasına Parlament tərəfindən icazə verilməyəcəyini bəyan etməsinə baxmayaraq, ondan sonra Cakartada Ermənistan səfirliyinin açılmasının anlaşılmaz olduğunu qeyd edib.

Hidayət Nur Vahid öz növbəsində İƏT-in qeyd olunan qətnamələrdən xəbərdar olduğunu, hətta Palembanqdakı toplantıya məhz onun sədrlik etdiyini bildirib. Xocalı soyqırımının Parlament tərəfindən tanınmasına və İndoneziya hökuməti tərəfindən Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına çalışacağını qeyd edib.

H.Nur Vahid, həmçinin M.Əlinin bəyanatına baxmayaraq, Cakartada Ermənistan səfirliyinin açılması məsələsini də yuxarıda qeyd olunan hər iki mövzu ilə birgə Nümayəndələr Palatasının sədri Setyo Novanto ilə, həmçinin Parlamentin xarici əlaqələr üzrə 1-ci komissiyasının sədri M.Sıddıq ilə şəxsən müzakirə edəcəyini və həmin görüşlərə səfir T.Qarayevi də dəvət edəcəyini bildirib.