İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Xocalı soyqırımına dair tədbir keçirilib

Ankarada Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Xocalı soyqırımına dair tədbir keçirilib

22.02.2015

Trend:

Ankarada Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın və digər rəsmi şəxslərin qatıldığı mərasimdə Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar tədbirin keçirildiyi “Mövenpick” otelində Xocalı soyqırımını əks etdirən və Azərbaycanın dilbər guşəsi olan Qarabağa dair nadir fotolardan ibarət sərgilərə baxdılar. Xocalı soyqırımına dair sərginin keçirildiyi salonda zaman – zaman Azərbaycana qarşı törədilən işğalçılıq siyasətinin acı nəticələrinə dair sənədli film nümayiş olundu.
Mərasimin rəsmi hissəsində AzeDer-in sədri Rəşad Abdullayev çıxış edib.

R.Abdullayev 1915-ci ildə Anadolu torpaqlarında törədildiyi iddia edilən “soyqırım” böhtanlarına qarşı “Empathy” layihəsiylə çıxış etdiklərini və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatıdırılması üçün əllərindən gələn hər şeyi edəcəklərini vurğulayıb: ”Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev bu işdə lazımi siyasi iradəni nümayiş etdirərək bizə yol göstərməkdədirlər. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, ancaq heç biri indiyədək həyata keçirilməyib. Ona görə də biz Xocalı və Azərbaycan torpaqlarının işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün əlimizdən gələni edəcəyik”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək, Xocalı soyqırımını ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu deyib. Əli Həsənov bildirib ki, işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri müasir dünyanın gözü qarşısında həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə və bundan qürur duyduqlarını bildirməklə, əslində sülhsevər dünya ictimaiyyətinə qarşı meydan oxuyublar.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür. Əli Həsənov bildirib ki, hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anma mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Məqsəd, Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.

Türkiyə xalqının hər zaman Azərbaycan ilə həmrəy olduğunu bildirən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın qeyd edib ki, ölkəsi həm Türkiyə və Ermənistan, həm də Azərbaycan ilə Ermənistan arasında, o cümlədən bütün Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyir. Lakin bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır.

Xocalı soyqırımının ilk növbədə insanlığa qarşı törədilmiş hərbi cinayət olduğunu diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa mənəvi haqqı yoxdur.
Mərasim iştirakçıları Qarabağ bölgəsindən olan həmyerlimiz Rəşad Zeynallının çıxışını ürək sızıltısı ilə dinləyiblər.

Şəhidlərimizin ruhuna rəhmət diləyən çıxışçılar əminliklə bildirdilər ki, dünya ictimaiyyəti tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması daha sürətlə həyata keçiriləcək, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün müdafiəsinə dair qərar və qətnamələri yerinə yetiriləcəkdir.

Qeyd edək ki, İNDEX qurumunun sifarişi ilə 4 ölkədən 300 nəfər mütəxəssisin iştirakı ilə hazırlanmış Xocalı slaydında dünyada ilk dəfə nano-texnologiyadan istifadə edilib. 360 kvadratmetrlik pərdə üzərində göstərilən və tarixi hadisələri canlı kimi əks etdirən slayd fevralın axırına qədər dünyanın bir çox ölkəsində nümayiş etdiriləcək.