İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkiləri" münaqişənin tənzimlənməsinə zərbə vurur

XİN: Dağlıq Qarabağda keçiriləcək qondarma

27.02.2015

Trend:

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin mayın 3-də qondarma "parlament seçkiləri" keçirməsi qanunsuzdur. Trend xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlara əsasən, 3 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin “parlamenti”nə qurama “seçkilər”in keçirilməsi planlaşdırılır:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulayır. Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiq edir və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqedən çıxış edib.

Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına “seçkilər”in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.

Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.

Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır".