İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ-ın Yuta ştatı da Xocalı qətliamını tanıdı

ABŞ-ın Yuta ştatı da Xocalı qətliamını tanıdı

03.03.2015

ABŞ-ın Yuta ştatının qubernatoru Qeri R. Herbert Xocalı qətliamının ildönümü ilə bağlı martın 2-də məktub imzalayıb. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator, Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir.

Həmçinin, məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.

Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayır.

Qeyd edək ki, bu, Yuta qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.