İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Robert Sekuta: Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması ABŞ-ı narahat edir

Robert Sekuta: Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması ABŞ-ı narahat edir

05.03.2015

"Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”. Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir.

Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib.

Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.

Səfirə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.

Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var.

Sonra diplomat tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların rəqsinə baxıb.

Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat ailənin üzvləri ilə söhbət edib.

Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: “Bu gün müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək, Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasıdır”.

Bu istiqamətdə fəaliyyətin genişləndirilməli olduğunu vurğulayan R.Sekuta qeyd edib ki, keçmişdə görülən işlərə, indiki vəziyyətə nəzər salmalı və gələcəklə bağlı planlar qurmalıyıq. İki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.