İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

QMİ sədri: ABŞ hökuməti Qarabağda ermənilər tərəfindən mədəniyyət abidələrinin dağıdılması məsələsinə ciddi diqqət yetirməlidir

QMİ sədri: ABŞ hökuməti Qarabağda ermənilər tərəfindən mədəniyyət abidələrinin dağıdılması məsələsinə ciddi diqqət yetirməlidir

11.03.2015

"Dünya ictimaiyyəti və ABŞ hökuməti Qarabağda ermənilər tərəfindən mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqların dağıdılması məsələsinə ciddi diqqət yetirməlidir". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda qonaq olan ABŞ-ın Corctaun Universitetinin professoru İmam Yəhya Hendi və ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta ilə görüşdə deyib.

Bütün Qafqazın şeyxi əvvəlcə ABŞ-ın yeni səfirinə "Azərbaycana xoş gəlmisiniz" deyib. Onun fikrincə, bu təyinat Azərbaycan-ABŞ əlaqələrinin inkişafına kömək edəcək: "ABŞ böyük dövlətdir. Özünün tarixi və ənənələri var. İndi də bütün dünyada öz siyasətini yürüdür. Dünyada öndə gedən dövlətlərdən, ən birincilərdəndir. ABŞ-Azərbaycan münasibətləri bizim üçün çox önəmlidir. Sizin fəaliyyətiniz bu münasibətlərə təkan verəcək".

Bununla yanaşı, A.Paşazadə ABŞ-ı Azərbaycan torpaqlarının Ermənisan tərəfindən işğal edilməsi faktına xüsusi diqqət yetirməyə çağırıb: "Hər bir dövlətin öz çətinliyi və problemləri var. Azərbaycan dövlətinin də ən böyük problemi torpaqlarının işğal edilməsidir. Qarabağda Azərbaycanın çoxlu mədəniyyət abidələri, məscidləri, qəbiristanlıqları ermənilər tərəfindən dağıdılıb. Dünya ictimaiyyəti və ABŞ hökuməti bu məsələyə ciddi diqqət yetirməlidir. Qarabağda, o cümlədən Xocalı soyqırımı zamanı şəhid olan minlərlə insanlarımız var. Bu, bizim böyük yaralı yerimizdir".

QMİ sədri qeyd edib ki, buna baxmayaraq, Azərbaycanın enerji sahəsində əlaqələri, o cümlədən ABŞ-la olan münasibətləri inkişaf edir.

Səfir Robert Sekuta isə A.Paşazadənin işğalla bağlı fikirlərinə belə cavab verib: "Zorakılıq hadisələri nəticəsində ölkənizə vurulan ağrı-acılardan bəhs etdiniz. Dünyanın heç bir ölkəsi belə hallardan sığortalanmayıb. Digər ölkələrdə də belə hallar yaşanıb. İndi sizli-bizli birgə gələcəyə doğru baxmalı, sülhün bərqərar olmasının yollarını tapmalıyıq. Mən burada 25 il əvvəl baş verən Xocalı hadisəsi, ağrı-acıları çox dərindən bilməliyəm. Hesab edirəm ki, yeni nəsli, böyüməkdə olan uşaqları müqəddəs kitabların bizə öyrətdiyi sülh və əmin-amanlıq ruhunda böyüdə bilsək, əminəm ki, sülhə nail ola bilərik".

Professor İmam Yəhya Hendi də bildirib ki, münaqişə nəticəsində baş verən faciələr onu da çox kədərləndirib: "Dua edirəm ki, tez bir zamanda bölgədə sülh əldə olunsun. Qəbuledilməzdir ki, İncil və Qurana sitayiş edən bu iki xalq belə ağrı-acılıarın yaranmasına səbəb olan hadisələrlə üzləşib. Bu hadisələr də qurbanlar və şəhidlərin olması ilə nəticələnib. Bütün bunlara son qoyulmalıdır. Dindarların da üzərinə sülhyaratma prosesində iştirak edib öz töhfələrini vermək düşür. İnşallah siz o torpaqlara tez bir zamanda dönərsiniz və xoş günlərin işitirakçısı kimi məni də ora dəvət edərsiniz".

İmam həmçinin ABŞ dövlətinin bu münaqişəsinin həllində müsbət rol oynayacağına ümid etdiyini deyib: "İslamın, Quranın bizə öyrətdiyi budur ki, pisliyə daim yaxşılıqla, sevgi ilə cavab verin. Mən bu işə nikbin yanaşıram ki, ABŞ bu münaqişənin tez bir zamanda həlli üçün öz səylərini göstərir. Mən hökumətin nümayəndəsi deyiləm. Amma ümid edirəm ki, hökumətimiz bu məsələdə öz müsbət təsirini göstərəcək".

O, dünyada müxtəlif vəhşiliklərlə İslam adına ləkə yaxmaq istəyən qüvvələrdən də danışıb: "Mən dünyada gəzərək İslamı gözdən salmağa çalışan ekstremistləri ifşa etməyə çalışıram. Nə İŞİD-in, nə "Taliban"ın, nə də "Boko Haram"ın İslam adından danışmağa hüququ var".