İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"ATƏT-in bütün üzv dövlətləri Ermənistanı böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər"

12.03.2015

Martın 11-də ATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini təhrif etməyə çalışıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən sözügedən iclasda çıxış edilərək bildirilib ki, ATƏT-in Daimi Şurasının bu xüsusi toplantısı Ermənistan tərəfinə zor tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması halları ilə bağlı ATƏT-in üzv dövlətlərinin artan narahatlıqlarını anlamaq üçün nadir imkan yarada bilər. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə sadiqdir və bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Amma Vyanada ATƏT-in Minsk Qrupunun tam formatda müntəzəm görüşlərinin bərpası dialoq üçün ehtiyac duyulan platforma rolunu oynaya bilər.

Daimi Nümayəndəlik tərəfindən qeyd edilib ki, Ermənistan beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin çağırışlarına cavab olaraq, dərhal hərtərəfli və strukturlaşdırılmış danışıqlara başlamalıdır. Eyni zamanda, Ermənistan Prezidentlərin Paris görüşündə razılaşdırıldığı kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsini təmin etməlidir:

"Ermənistan tərəfindən qanunsuz şəkildə girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir. Ermənistanın münaqişə zonasındakı fəaliyyəti danışıqlarda irəliləyişə nail olunmasına mane olur. Paris görüşündən bir neçə gün sonra Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsi Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutmuş son üç görüşdə müşahidə edilən hər hansı müsbət dinamikanı təhdid etdi. İşğal edilmiş ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılmasının davam etdirilməsinə paralel olaraq, bu ərazilərdə qanunsuz olaraq təbii sərvətlərin istismarı, dövlət və özəl mülkiyyətin qanunsuz mənimsənilməsi halları göstərir ki, Ermənistanın əsl məqsədi status kvo-nu möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Yerli Azərbaycan əhalisinin iştirakı olmadan qondarma “parlament seçkiləri” keçirilməsinə dair plan da Ermənistanın münaqişənin həllinə münasibətdə “fait accompli” yanaşma cəhdinin daha bir bariz nümunəsidir".

Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin mövcudluğu həm danışıqlarda irəliləyişə nail olunması, həm də münaqişə zonasında etimadın yaradılmasına ən ciddi maneə olaraq qalır: "Bu, cəbhə xətti və Ermənistan və Azərbaycan sərhədi boyunca artan insident və sistemli atışmaların yeganə səbəbidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması münaqişə tərəfləri arasında etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək və danışıqlar prosesində yeni imkanlar yaradacaq. Münaqişə zonasının hərbisizləşdirilməsindən sonra etimadın yaradılması, münaqişədən zərər görmüş ərazilərin reabilitasiyası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün zəruri şərait yaranacaq. Təbii ki, münaqişədən əziyyət çəkmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında dialoqun bərpasına nə qədər tez başlasaq, hər iki icmanın birgə dinc yanaşı yaşaması üçün şanslar bir o qədər tez yaranar.

Ermənistanın mövcud status kvo-ya arxayın olması tarixi səhvdir. Ermənistanın onilliklər boyu davam edən siyasəti Ermənistanı regional inkişafdan məhrum edir. Azərbaycan və Ermənistan arasında artan iqtisadi, siyasi və sosial fərqlərə baxmayaraq, biz qonşuluğumuzda kiçik, təcrid olunmuş və demək olar ki, bütün qonşularına qarşı ərazi iddiası olan təcavüzkar dövlətin mövcudluğunda maraqlı deyilik. ATƏT-in bütün üzv dövlətləri Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmağa və böyük sülh sazişi üzərində işə başlamağa vadar etməlidirlər".