İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Şuşada da “ASAN xidmət” açacağıq”

Prezident İlham Əliyev: “Şuşada da “ASAN xidmət” açacağıq”

12.03.2015

“Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam.
Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdədə “ASAN xidmət” fəaliyyətə başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm”.
 
Bu fikirləri Prezident İlham Əliyev Bərdə “ASAN Xidmət” mərkəzinin açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
 
Prezident deyib: “Gözəl binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn da gözəldir. Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər göstəriləcəkdir. Bu, sayca səkkizinci “ASAN xidmət”dir. Dördü Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə məhz Bərdə şəhərində açılmışdır. Qəbələdə və Bakıda iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə, bütün ölkə üzrə “ASAN xidmət” fəaliyyət göstərəcək”.
 
Ölkə başçısı qeyd edib ki, Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması xüsusi məna daşıyır.
 
“Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq.
 
“ASAN xidmət” Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120 min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir”,-deyə Prezident vurğulayıb.
 
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə görülür. “Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız, istedadlı insanlarımız var.
 
Eyni zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan gənci fəaliyyət göstərir. Keçən dəfə Sabirabad mərkəzinin açılışında, eyni zamanda, biz könüllülərin forumunu keçirdik. Bu da yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr ehtiyatımızdır.
 
Bu gün mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də artıq fəaliyyətə başlayıb. Bütün könüllülərin iş qabiliyyəti, onlarla bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir. İstər dövlət qurumu olsun, özəl şirkət olsun, əgər hazırlıqlı kadr işə götürmək istəyirsə artıq o sistemə müraciət edir. Mənə verilən məlumata görə, artıq dörd yüzdən çox könüllü işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir. Doğrudan da hansısa bir işi könüllü surətdə görmək əzmində olan insan böyük hörmətə malikdir”.
 
Prezident ölkəmizdə “ASAN Xidmət”in yaradılmasına sevindiyini bildirib: “Gənclər bu mərkəzdə uğurla fəaliyyət göstərirlər. Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir, Azərbaycan gəncləridir. Gələcəkdə ölkəmizin taleyi onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli, savadlı, Vətənə bağlı və insanlarla ünsiyyətdə olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti nəticəsində, gördüyünüz kimi, bir neçə məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü başqa sahələrdə də göstərir. Yəni, bu xidmətin yaradılması doğrudan da məni həddindən çox sevindirir. Çünki son illər ərzində Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə bir çox işlər görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi köçkünlər üçün yeni şəhərciyin açılışını qeyd etdik.
 
Ancaq bu sahə xüsusi əhəmiyyət daşıyır. Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir. Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək”.
 
Çıxışında Dağlıq Qarabağ probleminə də toxunan ölkə başçısı qeyd edib ki, biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. “Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq”.