İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistana xəbərdarlıq: Hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacaq

Ermənistana xəbərdarlıq: Hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacaq

13.03.2015

Beynəlxalq aləmdə baş verən bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu fikir martın 13-də Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolter ilə görüşündə səslənib.

Qonaqları salamlayan Baş nazirin müavini bildirib ki, Azərbaycan ictimaiyyəti Sizi obyektiv, ədalətli, sözün düzünü deyən bir şəxs kimi tanıyır: “Bu dövrün ən böyük problemi sözün düzünü deməkdir”.

Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini çəkinmədən, açıq müdafiə etdiyinə görə qonağa minnətdarlığını bildirən Ə.Həsənov qeyd edib ki, belə obyektiv yanaşma ilə dünyanı bürüyən problemlər tədricən həllini tapa bilər, çünki bəşəriyyəti ədalətsizlikdən xilas etməyin yeganə yolu həqiqəti olduğu kimi dilə gətirməkdir.

Baş nazirin müavini Robert Uolterə onun Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması ilə bağlı hazırlayacağı məruzənin mövcud vəziyyəti obyektiv əks etdirəcəyinə əminliyini bildirərək qeyd edib ki, sizin üzərinizə ağır bir vəzifə düşür: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağınız məruzə obyektiv olsa, erməni tərəfi sizə hücum edəcək, qeyri-obyektiv olsa, biz razılaşmayacağıq. Ancaq bütün bunlara baxmayaraq, nə qədər çətin və nə qədər ağır da olsa, həqiqəti söyləmək, düzü demək vacibdir”.

Baş nazirin müavini bildirib ki, Avropa ölkələri uzun illərdir müstəqildir və insan haqları, demokratiya məsələləri ilə məşğuldur: “Bizim müstəqilliyin yaşı isə 20 ildən bir az artıqdır. Onun da böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə keçirmişik. İndi tez-tez insan haqları sahəsində “Avropa standartları”ndan bəhs edirlər. Ancaq onun nə olduğunu axıradək izah edən yoxdur. Hər ölkəyə ayrılıqda, onun inkişaf yolunu nəzərə almaqla yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, Azərbaycanda 10 il əvvəl vəziyyət necə idi, indi necədir? Artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluq həddinin minimum endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Və sonda insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Onu da deməliyəm ki, biz qaçqın və məcbiri köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi”.

Uzun illər sovet rejimində, istismar altında yaşadığımızı vurğulayan Baş nazirin müavini bildirib ki, o dövrün bütün sıxıntılarına baxmayaraq xalqımız öz dilini, dinini, mədəniyyətini qoruyub saxlaya bildi və indi qarşılaşdığımız işğal faktı da elə sovet rejiminin, Qorbaçov yenidənqurmasının “bəhrəsi”dir:

“Məqsəd müstəqillik yolunu seçən ölkələri onda Sovet, indi Rusiyadan daimi asılılıqda saxlamaq idi. Onlar buna müəyyən qədər nail də ola bildilər. Baxın: Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Pridnestroviya, Azərbaycanda Dağlıq Qarabağ problemi. Hazırda Ukraynada baş verən hadisələr də o silsilədəndir”.

Baş nazirin müavini vurğulayıb ki, ona görə Dağlıq Qarabağ konfliktindən danışarkən ona yalnız Ermənistanla Azərbaycan arasında baş verən münaqişə kimi baxmaq düzgün olmazdı: “Burda digər dövlətlərin maraqları daha güclüdür. Bizə deyirlər: öz aranızda razılığa gəlin. Deyirik, onda siz kənara çəkilin. Deyirlər, yox, onda qan tökülər. Bir də başa düşmək olmur ki, Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn antidemokratik bir rejimlə hansı danışıqlara getmək olar. Onlar “fəxr”lə dünya ermənilərinə bildirirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ancaq bütün bu “nailiyyətlər”ə baxmayaraq ölkə sürətlə boşalır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə son 10-15 ildə bu rejimdən canını götürüb qaçanların sayı milyon yarımı adlayıb. Belə getsə, axırda Sərkisyanla ətrafından başqa orda kimsə qalmayacaq. Onu da deyim ki, Ermənistan yeganə ölkədir ki, üç yerdən idarə olunur – Eçməzdin kilsəsi, Amerikanın erməni icması və təbii ki. Rusiya tərəfdən. Ona görə dünya bu məsələni həll etmək istəyirsə, birinci növbədə bunu Rusiya ilə həll etməlidir.

İşğal olunan ərazilərə dəyən zərərin Azərbaycan hökuməti tərəfindən beynəlxalq qiymətləndiriciləri cəlb etməklə hesablandığını qeyd edən Ə.Həsənov Ermənistanın hazırkı siyasətindən əl çəkməsə, tezliklə böyük təzminat tələbləri ilə qarşılaşacağını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonağa ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Qaçqın və məcburi köçkünlər üçün salınan 90 qəsəbəyə indiyədək 47 min ailə - 240 min nəfər yerləşdirilib. Hazırda bu iş davam etdirilir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Robert Uolter hazırlayacağı məruzədə dövlət rəsmiləri ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də fikirlərinin yer alacağını qeyd edib. Qəsəbələrin biri ilə tanış olduğunu, yaradılan şəraitdən məmnunluğunu vurğulayan qonaq qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını bildirib. İşğal altındakı torpaqların azad edilməsindən sonra qayıdışın kütləvi proses olacağını vurğulayan R.Uolter həmin ərazilərdə dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib.

Qonaq qayıdış prosesində rahatlığın təmin olunması üçün köçkünlərin təmas xəttinə yaxın ərazilərdə məskunlaşdırılması və xüsusən yeni nəslin doğma torpaqlara qayıtması ilə əlaqədar məsələlərlə maraqlanıb.

Bu barədə məlumat verən Ə.Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.. Nümayəndə heyətinin rəhbərinə məlumat verildi ki, istifadəyə verilən 90 qəsəbənin yalnız 5-i, yəni 15 min nəfər Bakıda və ona yaxın ərazidədir. Qalanları regionlarda yerləşir. Əli Həsənov bildirdi ki, məcburi köçkünlər arasında yaşlı nəslin tamamilə, orta nəsliin 80-90 faizlə geri dönəcəyinə əminik. Gənclər arasında belə hal mümkündür. Ancaq regionların inkişafı ilə əlaqədar qəbul olunan dövlət proqramlarına uyğun olaraq təkcə son illər 1 milyon 200 mindən çox iş yeri yaradılıb. Yəni iş yerlərinin açılması, infrastrukturun qurulması gənclərin də həmin bölgələrə qayıdışına təkan verəcəkdir. Bir də bizim özümüzı xas adət-ənənlərimiz var: biz yurda, torpağa çox bağlı insanlarıq. Burda dünyasını dəyişən insanların çoxu torpaq həsrətindən ölənlər oldu. Mən özüm də neçə ildir burda yaşayıram. Amma hər gecə yuxida öz doğulduğum yeri görürəm.

Sonda Baş nazirin müavini məruzənin obyektivliyi əks etdirəcəyinə bir daha inandığını vurğulayarq qeyd etdi ki, biz obyektiv və ədalətli qərarın tərəfdarıyıq:

“Yəni bizim xeyrimizə danışın demirik. Danışılan obyektiv söz, onsuz da, bizim xeyrimizə olacaq. Mətbuatdan da xahiş edirəm: obyektiv danışan belə insanları “bizim adamdır” deyib reklam etməyin. Yoxsa erməni tərəfi dərhal həmin şəxsi qaralayacaq. Sözün düzünü deyənləri isə biz zərbə altında qoymamalıyıq”.

Görüşün sonunda AŞPA-nın məruzəçisinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.