İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN Rusiyada verilən sürücülük vəsiqəsində doğum yerinin "Dağlıq Qarabağ" göstərilməsinə aydınlıq gətirdi

XİN Rusiyada verilən sürücülük vəsiqəsində doğum yerinin

17.03.2015

Sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barəsində xəbər verilmişdi.

Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında Azərbaycanın Rusiya Federasıyasındakı Səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib: "Rusiya Xarici İşlər Nazirliyindən daxil olmuş notada Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur, E.B.Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır".

H.Hacıyev bildirib ki, notada həmçinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir.

Notada E.B.Arzanqulyanın, müəyyən edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR DQMV-nin nəzərdə tutulduğu bildirilir.