İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mübariz Əhmədoğlu: Ərazi bütövlüyü pozulmuş Serbiyanın da ATƏT-ə sədrliyi Qarabağ münaqişəsinin tənzimləməsində dəyişiklik yaratmadı

Mübariz Əhmədoğlu: Ərazi bütövlüyü pozulmuş Serbiyanın da ATƏT-ə sədrliyi Qarabağ münaqişəsinin tənzimləməsində dəyişiklik yaratmadı

18.03.2015

“Son 10 ildə ATƏT-ə sədrlik edən dövlətlərin hamısı sədrliyə başlamazdan əvvəl iki şeyi vəd veriblər: birincisi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivlik yaradacaqlar; ikincisi, böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəklər”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sədrlik fəaliyyəti başladıqda isə verdikləri vədləri reallaşdıra bilməyiblər: “Bu kontekstdə, özünün də ərazi bütövlüyü pozulmuş Serbiya çox orijinal nümunədir. Xarici işlər naziri İ.Daçiç ATƏT-ə sədrlik dövründə Serbiyanın prioritetlərini açıqladı. Ərazi bütövlüyünü dəstəkləmək bu prioritetlərin içərisində yoxdur. Amma əvvəlki standart formatları dəstəkləmək vəd edilir. Əvvəlki standart formalar isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə imkan vermir. Yalnız imitasiya üçün şərait yaradır. Serbiya Azərbaycandan investisiya cəlb edə bilir və daha çox investisiya cəlb etməyə ümidlidir. Buna baxmayaraq, sədrliyə başlayan kimi heç nə dəyişdirə bilmədi”.

M.Əhmədoğlunun fikrincə, bu, onu göstərir ki, Ermənistana dəstək qrupu ABŞ-ın ATƏT-dəki nümayəndəliyi vasitəsilə reallaşdırılır:

“ABŞ isə özünü Ermənistanı dirçəltməyə, gücləndirməyə borclu hesab edir. Cənubi Qafqaz regionuna turne çərçivəsində Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə yardımçısı Viktoria Nulandın Ermənistanda olarkən verdiyi bəyanatlardan bunu aydın görmək olar. “ABŞ Ermənistan üçün faydalı olmaqda hədsiz maraqlıdır” - bəyanatının müəllifi V.Nulandın regional səfər turnesi Azərbaycandan başlamışdı. Bu, ABŞ-ın regional siyasətində Azərbaycanın açar rolunun qəbul edilməsi anlamındadır. Amma V.Nulandın Ermənistanda verdiyi bəyanatlar səfərin başlanğıc və son məqsədlərinin bir-birindən fərqləndiyini göstərdi. Bu bir neçə dəfə elə olub”.

Politoloq qeyd edib ki, ABŞ rəsmiləri regional həqiqətləri dərk edib Azərbaycana və Ermənistana real qiymətlər verirlər.

Onun sözlərinə görə, son anda isə bu qiymət Ermənistanın xeyrinə dəyişilir: “Eynilə bu kontekstdən Dağlıq Qarabağ tənzimlənməsinə də yanaşmaq mümkündür.ABŞ-ın ATƏT-dəki nümayəndəliyi çox güman ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya olunur. Unutmaq lazım deyil ki, Dağlıq Qarabağ münaqişəsi həm də ABŞ-la SSRİ-nin xüsusi xidmət orqanlarının mübarizəsi kimi başlamışdı. Mərkəzi Kəşfiyyat İdarəsi qalib gəldi: Dağlıq Qarabağ münaqişəsi və ermənilər vasitəsilə SSRİ-ni dağıtdı. ABŞ-ın gizli rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin həllinin çox asan və rahat olduğunu bilirlər. Ona görə də onların strategiyası həll prosesinin başlanmamasına yönəlib. Ermənistanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi hava şarına bənzəyir. Bu hava şarına iynənin haradan batırılmasının zərrə qədər əhəmiyyəti yoxdur. Şar partlayacaq və lazımsız elastik kütləyə çevriləcək”.

M.Əhmədoğlu vurğulayıb ki, bu vaxtadək ABŞ Dağlıq Qarabağ tənzimlənməsinin başlanmasına imkan verməyib. Onun fikrincə, V.Nulandın Ermənistana səfəri və verdiyi bəyanatlar ABŞ-dakı ermənilərdən alət kimi istifadə etmək istəyən Mərkəzi Kəşfiyyat İdarəsinin hələ də güclü olduğunu göstərir.