İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik"

Azərbaycan prezidenti:

20.03.2015

“Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll olunmur”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışında deyib.

Dövlət başçısı keçən il vasitəçilər tərəfindən səylər göstərildiyini, üç görüş keçirildiyini qeyd edərək, sonuncu uğurlu hesab edilən görüşdən bir həftə keçməmiş Ermənistanın növbəti təxribata əl atdığını xatırladıb: “Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik. Bir daha bildirmək istəyirəm ki, oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri dedilər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”.

Prezident İlham Əliyev bu gün Azərbaycan ordusunun təmas xəttində vəziyyətə tam şəkildə nəzarət etdiyni bir daha qeyd edib: “Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.

Dövlət başçısı ona görə daha da güclü olmaq,  daha da güclü orduya sahib olmağın vacibliyini vurğulayıb: “Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün deyil”.

Dövlət başçısı bu gün dünyada beynəlxalq hüququn işləmədiyini qeyd edib: “Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət”, deyə prezident İlham Əliyev qeyd edib.